Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə mayın 22-də Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarının sakinlərini, sədr müavinləri isə Ağdaş və Göyçayda vətəndaşları fərdi qaydada qəbul ediblər.
qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramını bildirib.
Kürdəmir Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Kürdəmir və Ucar rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi, maddi yardım, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Əhməd Əhmədzadə Kürdəmirdə keçirdiyi qəbulda 56 vətəndaşı qəbul edib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Eyni zamanda, ASC-nin sədr müavinləri Zakir Quliyev Ağdaşda 15, Rafiq Aslanov isə Göyçayda 11 vətəndaşı qəbul edib. Ümumilikdə, bölgə üzrə 82 vətəndaşın qəbulu həyata keçirilib.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
22.05.2019 14:00