Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağstafa rayonunda yerləşən yerli idarəsi rayonunu 24830 hektar suvarılan əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir. Suvarmada 4 mənbədən istifadə edilir. Bunlar Ağstafaçay su anbarı, Həsənsu çayı, Ağ Göl su anbarı və subartezian quyularıdır. Suvarma suyu su istehlakçılarına ümümilikdə 825 km üzunluğunda magistral, təsərrüfatlar arası və təsərrüfatdaxili kanallar vasitəsilə çatdırılır. Bu kanalların 622 km-dən artığı torpaq məcralı,194 km beton üzlük çəkilmiş və 8,6 km qapalı şəbəkədən ibarətdir. Su itkisinin qarşısının alınması istiqamətində Ağstafa rayonunda son illər bir sıra işlər görülür. Torpaq məcralı Poylu arxının beton üzlüyə alınmaqla əsaslı təmir işləri aparılır. Bununla həmin arxda su itkisini 20-30 % azaltmaqla Poylu və Dağkəsəmən kəndlərinin əkin sahələrində suvarma xeyli yaxşılaşacaq.
Hazırda rayonda payızlıq dənli bitkilərin suvarılmasına hazırlıq məqsədilə bütün işlər yekunlşamaq üzrədir. Suvarılmanı mütəşəkkil keçirilməsi üçün mütamadi olaraq kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır. Mexanizmlərlə hazırkı vaxta kimi 350 km məsafədə kanallar və arxalar lildən təmizlənib və əlavə olaraq 100 km lildən təmizləmə işlərinin aparılması davam etdirilir.
Qeyd edək ki, idarənin balansında 2200 hektar əkin sahəsində suvarmanın yaxşılaşdırılması üçün 4 ədəd nasos stansiya vardır ki, 3 ədəd nasos stansiyada cari təmir işləri aparılıb və onlar tam işlək vəziyyətdədir. 1957–ci ildə istifadəyə verilən və istismar müddətini başa vurmuş Qıraq Kəsəmən nasos stansiyası yenidən bərpa edilib və yaxın vaxtlarda təsərrüfatları suvarma suyu ilə təmin etmək üçün su istifadəçilərinin istifadəsinə veriləcək. Həmin nasos stansiya vasitəsilə Qıraq Kəsəmən kəndinin 250 hektara yaxın əkin sahəsində suvarma xeyli yaxşılaşacaq.
29.11.2023 09:53