Göyçay Suvarma Sistemləri İdarəsi Göyçay rayonunda yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə etmək məqsədilə Göyçay çayında məcra təmizləmə və sahilbərkitmə işlərini davam etdirir. İdarə tərəfindən sel suları zamanı yaranmış çətinliklərin aradan qaldırılması və Cəyirli suvarma arxının müdafiəsi üçün məcra tənzimləmə işləri aparılıb və bu işlər buldozer vasitəsilə çay məcrasında yerinə yetirilir. Bundan başqa 2023-cü il ərzində suvarma suyunun maneəsiz axınını təmin etmək üçün 327 km məsafədə lildən təmizləmə işləri həyata keçirilib. O cümlədən Kürdşaban , Alpoud , Qızılağac, Hüngütlü, Mallı-Şıxlı, Hacıağabəyli, Ərəbşahverdi, Bəydövül, İnçə, Alxasafa, Dövranlı, Aşağı Qaraməryam və digər suvarma arxlarında lildən təmizləmə işləri aparılıb.
Göyçay rayonunda Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən görülən meliorativ tədbirlər nəticəsində əkin sahələrinin suvarılması yaxşılaşıb. Bunun nəticəsi olaraq fermerlər bu il bol məhsul əldə ediblər.
Göyçayın Yeniarx kəndi ərazisində Yeniarx beton kanalının qurğularla birlikdə beton üzlüyə alınması işləri artıq yekunlaşıb. Buda əkin sahələrinin su təminatının yaxşılaşmasına, su itkilərinin qarşısının alınmasına kömək olub. Hazırda Bığır, Mirzəhüseynli, Şahsoltanlı, Çaxırlı suvarma arxlarında lildən təmizləmə işləri davam etdirilir. O cümlədən şəhər daxilindən keçən Mallı Şıxlı, Potu, Çərəkə, Qarabörk, Qəzyan və Şəhadət suvarma arxlarında lildən təmizləmə işləri aparılıb, qazılmış lil və digər çöküntülərin avtomaşınlarla daşınması təmin edilib. Həmçinin şəhərdaxilindən keçən suvarma arxlarında texnikanın işləməsi mümkün olmayan yerlərdə əl ilə lildən təmizləmə işləri yerinə yetirilib.
Qeyd edək ki, Göyçay rayonunun ümumi 26568 ha suvarılan əkin sahəsi var. Əkin sahələrinin suvarılması üçün 3 su mənbəyindən istifadə edilir. Bunlar Göyçay çayı, Yekəxana su anbarı və Yuxarı Şirvan kanalıdır. İdarə əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 1722 km suvarma kanalından istifadə edir.
17.11.2023 09:05