Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İsrailin Mekorot Water Company şirkətinin nümayəndələri ilə görüş keçirib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb: “Cənab Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.
İsrailin milli su operatoru Mekorot Water Company şirkətinin direktorlar şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 faizinin şirkət tərəfindən təmin edildiyini, istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması yolu ilə əldə olunduğunu bildirdi. Mekorot Water Company şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.
08.09.2023 10:08