Xaçmazda meliorativ tədbirlər davam edir.

about1

Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda yaz-yay suvarma mövsümü davam edir. Məlumat üçün bildirək ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 286 hektardır.  Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qisimi də artezian suları ilə suvarılır. Su mənəbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır. Su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə ötən il rayonda 3500 metr torpaq məcralı kanal beton üzlüyə alınıb. Bu işlərin cari ildə də davam etdirilməsi nəzərdə tutulub.

Beton üzlüyə alınan kanalların üzərində həmçinin xüsusi su ölçmə qurğuları quraşdırılıb. Bu da təsərrafat sahiblərinin lazımi miqdarda su ilə təminatına nəzarət etmək imkanı yaradır. Xaçmaz Suvarma Sistemləri İdarəsinin əməkdaşları tərəfindən hazırda torpaq kanallarda da lil və kol-kosdan təmizləmə işləri həyata keçirilir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Cari ildə rayon ərazisindəki torpaq kanallarda ümumilikdə 400 min kub metr lildən təmizləmə işi aparılıb.

Görülən işlərin nəticəsidir ki, fermer və təsərrüfat sahibləri vaxtlı vaxtında sahələrini suvara bilirlər. Bu da öz növbəsində məhsuldarlığın yüksəldilməsinə təsir edir.

Qeyd edək ki, Xaçmaz rayonunda sahələri suvarmaq üçün 2194 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Bu kanalların 1788 kilometri torpaq 289 kilometri isə beton məcralıdır.

11.08.2023 10:40