Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun 39 min hektara yaxın suvarılan torpaqlarına xidmət edir. İdarənin xidməti sahəsinə daxil olan suvarma sistemləri əsasən dağ çaylarının qidalandırdığı sistemlərdir. Bu sistemlərin əsas mənbəyi Şin çay, Kiş çay, Küngüt çay, Əyriçay, Əlican çay, Daşağıl çay, artezian subartezian və qaynama sularıdır. Əkin sahələrinin su təminatına 859 km uzunluğunda kanallar vasitəsi ilə xidmət olunur. Bundan 127 km-i təsərrüfatlararası, 732 km-i təsərrüfatdaxili kanallardır. Kanallar üzərindəki 81 ədəd hidrotexniki qurğular istismar olunur. Suvarma mövsümünün mütəşəkkil keçirilməsi məqsədi ilə 2023-cü ilin əvvəlindən bu günə kimi 187 km uzunluğunda kanallarda lildən təmizləmə işlərinin aparılması həyata keçirilib. Bundan başqa idarə tərəfindən əsaslı və cari təmir işləri həyata keçirilir. Belə ki, ümumi uzunluğu 28 km olan Dəhnə beton kanalın bu ilə kimi 10,7 km-də əsaslı təmir işləri aparılıb. 2023-cü ildə kanalın 2,5 km-də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda kanalın 1000 metrə qədər hissəsində cari təmir işləri davam edir.
Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən sel sularının maneəsiz axıdılması məqsədi ilə sel təhlükəli dağ çaylarında 137 min m3 həcmində məcra təmizləmə və tənzimləmə işləri həyata keçirilib. Bununla yanaşı rayonun sel təhlükəli dağ çaylarından olan Kiş çayında 100 m3 həcmində mövcud daş-beton bəndlərdə cari təmir işləri aparılıb, Şin çayda 320 m3 həcmində qabion bənd qurulub. Hazırda mühafizə işləri çərçivəsində Kiş çayda texnikaların iştirakı ilə qabaqlayıcı tədbirlər davam etdirilir.
Qeyd edək ki, Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun müxtəlif kənd və yaşayış məntəqələrində yerləşən 199 ədəd subartezian və 16 ədəd artezian quyularının istismarını da həyata keçirir. Bundan başqa Əyriçay Su Anbarı nasos stansiyası vasitəsi ilə Şəki rayonunun 7775 ha və Qax rayonunun 3000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. İstismar tədbirlərinə müvafiq olaraq 2 ədəd nasos stansiyasında, 60 ədəd subartezian quyularında, 15 km uzunluğunda qış otlaqlarının su təminatı sistemlərinin boru kəmərlərində cari təmir işləri aparılıb.
28.07.2023 09:08