Suvarmanın düzgün aparılması, kənd təsərrüfatı bitkilərinin inkişafında və məhsuldarlığın artmasında mühüm rol oynayır. Astarada hektarlarla sahədə əkilən çəltik, çay, sitrus, bostan bitkiləri və yonca - otlaq sahələrinin suya olan tələbatı da suvarma sistemləri idarəsi tərəfindən tam təmin olunur. Bu günə kimi 3 milyon 400 min kub su əkin sahələrinə ötürülüb.
Astara suvarma sistemləri idarəsi 4519 hektar suvarılan əkinə yararlı torpaq sahəsinə xidmət edir. İdarə, suvarma suyunun tələbatçılara vaxtında itkisiz çatdırılmasında öhdəsinə düşən işləri görməkdədir. Bu istiqamətdə görülən əsas fəaliyyətlərdən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə başlanılıb.
İdarənin balansında mövcud olan kanalların təmizlənməsi və su anbarının tam doldurulması mütəmadi olaraq diqqətdə saxlanılır. Bu günə qədər su mənbələrindən 4 milyon 200 min kub götürülüb ki, bunun da 3 milyon 400 mini əkin sahələrinə ötürülüb.
Məhz görülən tədbirlərin nəticəsi və kanalların vaxtında təmizlənməsidir ki, rayona normadan artıq düşən leysan xarakterli yağışlar əkin sahələrinə, təsərrüfatlara heç bir ziyan vurmadı. Fermerlər də görülən işlərdən, suvarma idarəsinin onlara vaxtı - vaxtında su ötürdüklərindən razıdılar.
Hazırda rayonda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Qeyd edək ki, Astara rayonunun su ehtiyatı dörd su mənbəyindən Astaraçay, Pensərçay, Lovayin su anbarı və Xanbulançay su hidroqovşağından qidalanır.
21.06.2023 09:00