Balakəndə selə qarşı mübarizə tədbirləri davam edir.

about1

Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir və selə qarşı mübarizə tədbirlərini həyata keçirir. Balakən Respublikanın sıx çay şəbəkələrinə malik olan bölgələrindən biri sayılır. Bu çaylardan əksəriyyəti Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbul, İnterçay və.s dağ çaylarıdır. Mövsümlə əlaqədar olaraq həmin çaylar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə yarada biləcəyi təhlükələrdən müdafiə etmək məqsədi ilə idarə məcra təmizləmə və sahil bərkitmə işləri aparır. Bu məqsədlə də, idarənin balansında cəmi 22828 paqonometr uzunluqda bəndlər mövcuddur. Ondan 11911 paqonometr Balakənçay sistemində, 4480 paqonometr Katexçay sistemində, 6437 paqonometr isə Mazımçay sistemindədir. Hazırda Katexçay çayının sağ sahilində Katex kəndini mühafizə edən daş-beton bəndinin əsaslı təmiri həyata keçirilir.

 Katex çayda görülən mühafizə tədbirləri kənd sakinlərinin də ürəyincədir. Onların sözlərinə görə, hazırda bəndin inşa edildiyi hissədən sel sularının kənd ərazilərinə düşməsi halları əvvəllər tez-tez baş verirdi.

İdarənin balansında 8400 hektar suvarılan torpaq sahəsi vardır. Bundan 2252 hektar əkin sahəsi, 2661 hektarı həyətyanı sahə və 3487 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir. Suvarma dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian quyusu və eləcədə 90 artezian quyusu ilə aparılır. Suvarma suyu çaylardan kanallara texnikaların köməyi ilə verilir və ümumilikdə 4600 min kubmetr su verilməklə əhalinin suya olan tələbatı ödənilib. Rayonda 209 km uzunluğunda suvarma kanalları fəaliyyət göstərir ki, ondan 40 km-ə yaxını təsərrüfat arası kanallar, 170 km-i isə təsərrüfat daxili kanallardır. 2023-ci ilin 5 ayı ərzində suvarmaya hazırlıqla əlaqədar kanallarda 112 min kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. İlin əvvəlindən bu günə kimi Balakən-1 kanalının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işləri davam etdirilir. Bundan başqa torpaq məcralı Balakən-Tuqay kanalının beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinə də artıq start verilib.

Qeyd edək ki, Balakən Suvarma Sistemləri İdarəsi daş-beton bəndlərin tikintisi, suvarma kanallarının beton üzlüyə alınması işləri ilə yanaşı hər il olduğu kimi ayrı-ayrı çaylarda məcra tənzimləmə işlərinin görülməsini də yerinə yetirib. Belə ki, idarəyə məxsus texnikalar ilə ümumilikdə 201 min kubmetrdən artıq tənzimləmə işləri həyata keçirilib.

19.06.2023 09:26