Salyanda nasos stansiyalar vasitəsi ilə 46 min hektar əkin sahəsi suvarılır.

about1

Salyan rayonunda aparılan meliorativ tədbirlər nəticəsində əkin sahələri normal qaydada suvarılır. Rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Salyan Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Suvarma mövsümü öncəsi kanallarda lildən təmizləmə işləri aparılır, hidrotexniki qurğular və nasos stansiyalar təmir olunur. Ümumiyyətlə Salyan rayonunun suvarılan torpaq sahəsi 46 min hektardan artıqdır. 2023-cü ildə bu sahələrdə 17292 hektar dənli bitkilərdən, 9150 hektarı əkilməsi nəzərdə tutulan pambıq sahəsindən, 15301 hektarı yem bitkilərindən, 820 hektarı bostan-tərəvəz bitkilərindən, 510 hektarı çoxillik bağlardan, 3752 hektarı isə həyətyanı sahələrindəki əkinlərdən ibarətdir. Hazırda rayonda suvarma nasos stansiyalar vasitəsi ilə davam edir.

Dənli bitkilərin 16879 hektarı taxıl olmaqla, çıxış suyundan sonra, birinci vegetasiya suyunun verilişi tamamlanıb, hazırda ikinci vegetasiya suyunun verilməsi davam edir. Bu günə kimi pambıq üzrə 8377 hektara arat suyu, 307 hektara isə səp-suvar üçün su verilməklə işlər davam edir. Fermerlər görülən meliorativ tədbirlərə görə, əkin sahələrini asanlıqla suvara bildiklərini söyləyirlər.

 2023-cü ilin suvarma mövsümünə hazırlıq məqsədilə Salyan Suvarma Sistemləri suvarma kanallarında lildən təmizlənmə işlərini ilin əvvəlindən aparıb. Hazırda bu istiqamətdə işlər davam edir. Bundan başqa su itkisinin  qarşısının alınması məqsədilə də torpaq məcralı kanallar beton üzlüyə alınır. Uzunluğu 3,7 km olan və 250 ha əkin sahəsinə xidmət göstərən suvarma kanalında 1,1 km məsafədə beton üzlük işləri həyata keçirilib.

Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsinin balansında 46 min hektardan artıq suvarılan torpaq sahəsi mövcuddur ki, bu sahələrin suvarılması mexaniki üsulla aparılır. Mexaniki suvarmanı həyata keçirmək üçün isə daim nasos stansiyalarda sazlama və təmir işləri aparılır.

 

14.06.2023 08:43