Ağstafa rayonunda yazlıq bitkilərin suvarılması davam edir. Bu il rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin su ilə təminatında problem yaşanmayıb. Bunun üçün Ağstafa Suvarma Sistemləri İdarəsi tərəfindən ilin əvvəlindən etibarən meliorativ tədbirlər davam etdirilir. Cari ildə 38 subartezian quyusunda cari təmir işləri aparılaraq, onların nasaz mühərriklərinin sarğısı yenisi ilə əvəz olunub, nasos hissəsində aşınmaya məruz qalan hissələri yenilənib. 10 ədəd subartezian quyusunun nasosları isə yeniləri ilə əvəz olunub. 2023-cü ildə əlavə olaraq rayon ərazisində 13 ədəd subartezian quyusunun qazılması planlaşdırılıb. İstismar müddətini başa vurmuş 3 ədəd nasos stansiya yenidən istifadəsi üçün əsaslı təmir planına daxil edilib.
Suvarılmanı mütəşəkkil keçirilməsi üçün mütamadi olaraq kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır. Kanallarda su itkisinin qarşısının alınması istiqamətində 14,4 km uzunluğunda torpaq məcralı Poylu arxının 2022-ci ildə 2,2 km hissəsi beton üzlüyə alınıb. Cari ildə əlavə olaraq 2 km hissəsində beton üzlük qoyulmaqla əsaslı təmir işləri davam etdiriləcək. Bununla su itkisini 20-30 faiz azaltmaqla Poylu və Dağkəsəmən kəndlərinin 1000 hektara yaxın əkin sahəsində suvarma xeyli yaxşılaşacaqdır.
Qeyd edək ki, 1957 – ci ildə istifadəyə verilən və istismar müddətini başa vurmuş Qıraq Kəsəmən nasos stansiyası kənd sakinlərinin və təsərrüfat sahiblərinin müraciəti nəzərə alınaraq yenidən bərpa edilib və yaxın vaxtlarda fermerlərin istifadəsinə veriləcək. Həmin nasos stansiya vasitəsilə suvarma suyu 1750 m uzunluğunda plastik boru vasitəsilə əkin sahələrinə çatdırmaqla 250 hektar əkin sahəsində suvarmanı yaxşılaşdıracaq.
10.06.2023 08:44