Qazax rayonunda hər il əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması üçün Qazax Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər mütəmadi olaraq davam edir. İdarə rayonun 19 min hektara yaxın kənd təsərrüfatı bitkiləri əkilmiş pay torpaq və həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Həmin sahələrin 7100 hektarı mexaniki üsulla yəni nasos stansiyaları, 11810 hektarı isə öz axımı ilə açıq kanallar və arxlar vasitəsilə suvarılır. Ümumillikdə rayon ərazisində Suvarma Sistemləri İdarəsinin balansına 911 km uzunluğunda kanallar, arxlar boru kəmərləri və qapalı şəbəkələr mövcuddur. Bundan 486 km açıq arx və kanallar, 67 km-i isə beton üzlüklü kanallardır. İlin əvvəlindən 35 ədəd subartezian quyusunda, 15 ədəd hidrotexniki qurğularda cari təmir işləri görülüb. Hazırda 2 ədəd subartezian quyusunda əsaslı təmir işləri aparılır.
Rayon ərazisində hər il yeni əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə örtülü suvarma şəbəkələri çəkilərək istismara verilir. İlin əvvəlindən bu günə kimi cari təmir işləri hesabına 156 min m3 həcmində arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılıb. Bununla da su itkisinin qarşısının alınması ilə bərabər suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılmasına şərait yaranıb. Bundan başqa idarənin balansında 21 ədəd nasos stansiyası var ki, 2 ədəd nasos stansiyasında da təmir işləri yerinə yetirilib. Son illər Qazax rayonunda əkinçiliklə məşğul olan fermerlər vaxtında sahələrini suvardıqlarından məhsuldarlıq hər il artmaqdadır. Hazırda əkin sahələrində suvarma işləri normalara uyğun olaraq davam edir.
Qeyd edək ki, Qazax rayonunda sahələrin suvarılması üçün beş mənbədən Ağstafaçay, Coğaz çay, İncəsu çay su anbarlarından, Kür və Xram çaylarından su götürülür.
08.06.2023 09:11