Füzulidə hidroqovşaqdan 5 rayon suvarma suyu ilə qidalanır.

about1

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazisində yerləşən 120 min hektar ərazinin suvarılmasına xidmət edir. İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün 3 kanaldan istifadə olunur. Bunlar Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanallarıdır. Suvarma kanallarında mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır ki, bu da suvarma suyunun maneəsiz və itkisiz olaraq əkin sahələrinə çatdırılmasına şərait yaradır. Hazırda bu istiqamətdə işlər davam edir. Görülən işlər nəticəsində əkin sahələrinin suvarılması yaxşılaşdırılır.

 Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinin balansında olan Baş-Mil kanalının uzunluğu 37.2 km-dir. Füzuli və Beyləqan rayonları ərazisindən keçən kanaldan Yuxarı-Mil və Yeni Xanqızı kanalları ayrılır. Yuxarı-Mil kanalı Füzuli, Xocavənd və Ağcabədi rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin edir. Yeni Xanqızı kanalı isə Beyləqan və Ağcabədi rayonlarının əkin sahələrinin su təminatını yaxşılaşdırır. Hidroqovşaq üzərində suyu vaxtında ərazilərə çatdırmaq üçün 6 ədəd seqmentvari qapı var ki, bu qapıların da hər birinin su buraxma qabiliyyəti 400 kub metr saniyədir. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur.

Qeyd edək ki, Hidroqovşaq Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsilə 5 rayona xidmət edir. Hazırda həmin rayonlarda əkilən müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması davam edir.

15.05.2023 09:08