Suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə edilməsi üçün Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam edir. İdarənin balansında 563 km-dən artıq uzunluqda suvarma şəbəkəsi mövcuddur. Suvarma kanalları əsasən torpaq məcralı, 21 km-i isə beton üzlüklüdür. İdarə tərəfindən hər il olduğu kimi bu ildə suvarma ilə yanaşı yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu məqsədlə rayon ərazisindən axan bütün çaylarda istismar tədbirləri planına uyğun olaraq 50 000m3 həcmində çay məcrasının tənzimlənməsi torpaq valların hazırlanması işləri görülüb. Muxax çayda 2 ədəd hidrotexniki qurğu, 3 ədəd subartezian quyusu təmir olunub. Hazırda Muxax çayın sağ sahilində Əliabad, Qımır, Lahıc kəndlərinin əkin sahələrini sel sularından mühafizə edilməsi ilə əlaqədar Dövlət vəsaiti hesabına 400 metr uzunluğunda daş-beton bəndinin əsaslı tikintisinin son tamamlama işləri aparılır.
Zaqatala rayon ərazisində bu ilin əvvəlindən etibarən idarənin mexanizmlərilə suyun maneəsiz olaraq əkin sahələrinə çatdırılması üçün mövcud suvarma kanalları lildən və kol-kosdan təmizlənib. İşlərin həcmi 48200 m3 təşkil edib. Eyni zamanda su itkisinin qarşısının alınması və minimuma endirilməsi məqsədilə torpaq məcralı Qandax suvarma kanalı beton üzlüyə alınıb və kanalda əsaslı təmir işləri cari il ərzində də davam edəcək. Zaqatalada suvarma çay suları, qaynama sular və Alazan nasos stansiyası vasitəsilə həyata keçirilir. 1978-ci ildə tikilən Alazan nasos stansiyası 6 kəndin əkin sahələrinə xidmət edir. Bu sahələrdə əsasən tütün və qarğıdalı əkilir. Alazan çayından götürülən su ərazisi 54 hektar olan gölə toplanır və yay dövründə istifadə olunur.
Qeyd edək ki, Zaqatala Suvarma Sistemləri İdarəsinin balansında 15562 hektar suvarılan torpaq sahəsi mövcuddur. İdarə tərəfindən yeni suvarma mövsümü üçün bütün hazırlıqlar artıq yekunlaşıb.
12.04.2023 09:17