Hacıqabulda torpaq məcralı kanal beton üzlüyə alınıb.

about1

Hacıqabul Suvarma Sistemləri İdarəsi yaz-yay suvarma mövsümü üçün hazırlıqlarını yekunlaşdırmaq üzrədir. İdarə mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin vaxtında suvarılması isə öndə duran vəzifələrdən biridir. Suvarılmanın mütəşəkkil aparılması üçün hər il rayon ərazisində olan torpaq kanallar betonla əvəzlənir ki, bu da su itkisinin qarşısını alır. Bu məqsədlə Meyniman suvarma sahəsi üzrə torpaq məcralı Ələtli kanalının bir hissəsi üzərindəki 7 ədəd hidrotexniki qurğularla birlikdə əsaslı təmir olunaraq  betonla üzlənərək istismara verilib.

Əkinlərin su təminatının yaxşılaşması üçün cari ildə idarənin texnikaları vasitəsilə 332 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. İdarə üzrə cari ildə 78 ədəd hidrotexniki qurğu, 2 km növ kanallar, 3 km beton kanallarda, 2 km boru xətlərində cari təmir işləri görülüb.

Bununla bərabər quraq keçən vaxtlarda əkinlərin su təminatında yaranmış çətinliklərin aradan qaldırılması üçün daxili imkanlar səfərbər edilərək vəziyyətdən çıxmaq mümkün olub. 2023-cü təsərrüfat ili üçün əkilən bitkilərin suvarılması hazırda davam edir. Taxıl suvaran fermerlər bu il sahələrdən bol məhsul gözləyirlər. Çünki, vaxtında aparılan suvarma bunu deməyə əsas verir.

 Qeyd edək ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi 19 min haktara yaxın suvarılan torpaqlarda kənd təsərrüfatı əkinlərini, meşə zolağını və rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirir.

05.04.2023 09:29