Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər mövsümə uyğun olaraq sürətlə davam edir. Görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi ötən il olduğu kimi bu ildə meliorativ tədbirlərini davam etdirir. Hazırda balansda olan kollektor-drenaj sistemləri lildən təmizlənir, nasosstansiyalarda təmir-bərpa işləri aparılır.
Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən görülən işlər nəticəsində uzun illər əkin üçün istifadəyə yararsız torpaqlarda yenidən taxıl, qarğıdalı, bostan-tərəvəz və digər bitkilərin əkilməsinə başlanılıb. Bu isə kənd təsərrüfatının inkişafına töhfə verməklə yanaşı, ərazidə yaşayan kənd əhalisinin məşğulluğunun artmasına səbəb olur. İdarə tərəfindən 2022-ci ildə mexanizmlərlə 1 milyon 180 min kubmetr lildən təmizləmə işləri həyata keçirilib, 25 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılıb. Ötən il nasos stansiyalar vasitəsilə 1 milyon 110 min kubmetr su vurulub. Axıdılan duzun miqdarı isə 688 min ton olub.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi Respublikanın 6 rayonuna xidmət edir. İdarənin balansında 4889 km uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur. Bu kollektorlar vasitəsilə 173000 hektardan artıq meliorasiya olunmuş sahəyə xidmət olunur.
31.03.2023 09:59