Beyləqan Suvarma Sistemləri İdarəsi Beyləqan rayonunda 51356 ha, İmişli rayonunda isə 639 ha sahəni suvarma su ilə təmin edir. Hazırda idarənin balansında 1300 km-ə yaxın uzunluğunda suvarma kanalı, 1333 km uzuluğunda kollektor-drenaj şəbəkəsi, 117 ədəd subatrezian quyusu var. İdarə tərəfindən mütəmadi olaraq nasazlıqlar olan quyulara baxış keçirilir və dərhal aradan qaldırılır. Bu məqsədlə 103 ədəd subatrezian quyusu cari təmir edilib. Bundan başqa son illər ərzində torpaq məcralı kanalların beton üzlüyə alınması ilə su itkisinin də qarşısı alınmış olub. Hazırda bu istiqamətdə işlər davam edir.
Əsasən yay aylarında su problemi yaşanan Kəbirli kəndində qazılan yeni subartezian quyusu vasitəsi ilə kənd sakinlərinin suvarma və içməli suya olan təlabatı ödənilib. Bu quyu vasitəsilə 100 ailənin su problemi aradan qaldırılıb.
Beyləqan Suvarma Sistemləri İdarəsi tərəfindən istismar tədbirlər planına uyğun olaraq 2022-ci il ərzində 195 km uzunluğunda suvarma kanalı, 107 km uzunluğunda kollektor-drenaj şəbəkəsini lildən təmizlənib, 2351 min kbm. həcmində torpaq işi görülüb, 24 ədəd hidrotexniki qurğu təmir olunub. Su istifadəçilərinə suvarma suyunun vaxtında və itkisiz çatdırılması üçün torpaq kanallarda, o cümlədən müəyyən ərazilərdə müşahidə olunan şoranlaşmanın qarşısının alınması məqsədilə kollektor-drenaj şəbəkələrində mütəmadi olaraq lildən təmizləmə işləri aparılır.
Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi iki su mənbəyinin, Xan qızı kanalı vasitəsi ilə Araz çayının, Qarabağ kanalı vasitəsi ilə Kür çayının suyundan istifadə edərək əkin sahələrinin suvarılmasını həyata keçirir.
06.03.2023 16:37