İmişli Suvarma Sistemləri İdarəsi 55200 hektardan artıq suvarılan torpaqlara xidmət edir. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarının lildən təmizlənməsini, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəcilərini su ilə təmin etməkdən ibarətdir. Əkin sahələri 1176 km uzunluğunda suvarma kanalları vasitəsi ilə su ilə təmin olunur. Bunlar əsasən su mənbəyi Araz cayı və Yuxarı Qarabağ kanalı olan Boztəpə, Qızıl arx, Köhnə Rəsul arx, Cənub Muğan, Rəsul arx, R-2, Arazyanı və OMK kanallarıdır. İmişli rayonunda su itgisinin qarşısının alınması, suvarma suyunu fermerlərə daha asan və maneəsiz çatdırmaq üçün torpaq məcralı kanallar beton üzlüyə alınır. Dövlət proqramı çərçivəsində uzunluğu 42 km-dən artıq olan Boztəpə kanalı bütövlükdə beton üzlüyə alınacaq. Bunun üçün əraziyə xeyli sayda texnika cəlb olunub. Hazırda kanalda bərpa işləri aparılır, torpaq səthi hamarlanır.
İmişli Suvarma Sistemləri İdarəsi 2022-ci il ərzində ümumilikdə 358 km-dən artıq, 1500 min m3-ə yaxın həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanallarını lildən təmizləyib. Bundan başqa ötən il 4 MK nov kanalının yerində 1 km məsafədə yeni betonüzlüklü kanal çəkilib. Ağaməmmədli kəndi ərazisində 400 metr torpaq kanal nov kanal ilə əvəz olunub. Çaxırlı kəndi ərazisində isə Cənubi Muğan kanalından 380 metr məsafədə yeni nov kanalı çəkilib. İdarənin balansında olan növbəti genişmiqyaslı beton işlərinin aparıldığı kanal isə Qızıl Arx kanalıdır. Uzunluğu 30 km-ə yaxın olan bu kanal vasitəsilə 11 min hektara yaxın əkin sahəsi asanlıqla suvarılacaq. Hazırda ərazidə gücləndirilmiş iş rejimində çalışılır.
Qeyd edək ki, İmişli Suvarma Sistemləri İdarəsinin balansında 26 ədəd nasos stansiya vardır ki, həmin nasos stansiyalar vasitəsilə 9515 ha əkin sahəsi suvarma suyu ilə təmin olunur. Hazırda işlərin aparıldığı Boztəpə və Qızıl Arx kanallarında işlərin bu il yekunlaşdırılması nəzərdə tutulub.
01.03.2023 09:19