Qəbələ rayonundan axan dağ çaylarında sel daşqınlarından mühafizəni təmin etmək üçün qabaqlayıcı tədbirlər görülür. Bu işlər Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir. 2023-cü ilin planlaşmasına əsasən 784 min m3 çay məcrasının təmizlənməsi, 100 metrdə əsaslı beton bəndlərin təmiri, 1320 m3 beton bəndlərdə cari təmir işləri, 150 m3 qabion bəndlərin vurulması həyata keçiriləcək. Artıq görüləcək olan işlərə bu ilin əvvəlindən etibarən start verilib. Bu məqsədlə rayon ərazisindən axan Bum çayına idarənin texnikaları cəlb olunub.
Qəbələ Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyət sahəsi Qəbələ rayonunda yaşayan 11300-dən artıq kəndli fermer təsərrüfatının ətrafında birləşən 11700 ha sahəni su ilə təmin etməkdən ibarətdir. Suvarma suyunun itkisiz olaraq fermerlərə çatdırılmasını təmin etmək məqsədi ilə suvarma kanallarında bu il üçün 746 min m3 lildən təmizləmə işi planlaşdırılıb. Bu məqsədlə rayonun ucqar kəndlərinə su aparan kanallarda lildən təmizləmə işlərinə başlanılıb. Normal keçməyən hava şəraiti nəticəsində taxıl sahələrində bitişin alınması üçün hazırda əkin sahələrində suvarma aparılır.
Onu da bildirək ki, Qəbələ rayonunda əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasını daha yaxşı təmin etmək üçün idarənin balansında olan 30 min m3 həcminə malik Xırxatala su tutarının təmiri planlaşdırılır.
20.02.2023 10:04