Tovuzda əkin sahələrinin suvarılması istiqamətində son illər bir sıra işlər görülür. Əsas işlərdən biri və ən vacibi Tovuz Suvarma Sistemləri İdarəsi tərəfindən sərhəd kəndlərinin su təminatının yaxşılaşdırılmasıdır. Əvvəllər sərhəd kəndi olan Ağdam kəndində suya olan təlabat olduqca böyük idi. Artıq bu problem aradan qalxmaq üzrədir. Bunun üçün Ağdam kəndində 1 ədəd 2 aqreqatlı nasos stansiyasının tikintisinə başlanılıb. Artıq nasos stansiyada tikinti işlərinin böyük bir hissəsi geridə qalıb və hava şəraitindən asılı olmayaraq sürətlə davam edir. Əraziyə lazımı qədər mal-material və texnika cəlb olunub. Bundan başqa Hacallı kəndində də nasos stansiyanın boru xətti yenilənir.
Tovuz Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin qarşısının alınması üçün çaylar və kanallar 720 000 m3 sahədə lildən təmizlənib, 20 ədəd hidrotexniki qurğu təmir olunub. Bundan başqa Bostan arxına 1213 m, Əlimərdanlı arxına isə 1138 m beton üzlük çəkilib. İdarənin balansında 454 ədəd subartezian quyusu var ki, həmin quyular vasitəsi ilə 8055 ha torpaq sahəsinin suvarılması həyata keçirilir. İdarə tərəfindən 375 ədəd subartezian quyusu cari təmir edilib. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə rayon ərazisinde 10 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, Tovuz Suvarma Sistemləri İdarəsi 24000 hektara yaxın torpaq sahəsinin suvarılmasını həyata keçirir. Su mənbələri - Tovuz çay, Axınca çay, Əsrik çay, Zəyəm çay, Axınca çay su anbarı, Tovuz çay su anbarı, Kür çayının sağ sahilinde inşa edilmiş üç pilləli nasos stansiyası, Kür çayının sol sahilində yerleşen Qızıl Ulğun nasos stansiyası və Ağstafa çay Hidroqovşağının sağ sahil kanalıdır.
17.02.2023 09:02