Tərtər rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sitemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir. Su itkisinin qarşısının alınması üçün arxların lildən və kol-kosdan təmizlənməsi, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması da görülən işlərdən biridir. Əkin sahələrinin suvarılmasına 627 km-ə yaxın təsərrüfatlar daxili və təsərrüfatlar arası arxlar xidmət göstərir. Ötən il 397 min kub metr ekskvatorlarla, 116 min kub metr isə buldozerlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılıb.
Suvarma mövsümündə Tərtər çayında su davamlı olmadığına və fasilələrlə verildiyinə görə, əsas güc subartezian quyularının üzərinə düşüb. Ötən il su mənbələrindən 254791 min kub metr su götürülərək 156028 hektar sahəyə 199767 min kub metr su verilib.
Qeyd edək ki, Tərtər Suvarma Sistemləri İdarəsi 29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Əkin sahələri Tərtər çay, İncə çay, subartezian quyuları və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış Bəyimsarov nasos stansiyası vasitəsi ilə suvarılır.
13.02.2023 09:10