Ağsu çayda baş su qəbuledici qurğu tikilib. Cavanşir gölündə təmir işləri aparılıb.

about1

Ağsu rayonunda meliorativ tədbirlər uğurla davam edir. Suvarılmanın yaxşılaşdırılması üçün Ağsu rayonunun ərazisində yerləşən Qazanarx kanalı yenidən qurulub. Ağsu çayın məcrasında isə Baş Su Qəbuledici qurğu tikilib. Əvvəlki illərdə Ağsu çayından su götürmək üçün xeyli çətinliklər yaranırdı. Bu qurğunun tikintisindən sonra saniyədə 5 kub metr su götürmək üçün dəmir-beton kanal da çəkilib. Baş Su Qəbuledici qurğu bir-neçə hissədən ibarətdir. Qurğu çayın məcrasını ortadan su aşırımlı bənd vasitəsilə kəsir. Bu da suyun səviyyəsinin qaldırılmasına, eyni zamanda kanalların su götürməsinə kömək edir.

Qurğunun əsas üstünlüklərindən biri də çaya gələn sel sularının qarşısını almasıdır. Yekunlaşan işlər Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyəti tərəfindən həyata keçirilib. Qazanarx kanalının əsas iş prinsiplərindən biri də suvarmanın aparılmadığı vaxtlarda Cavanşir gölünün su ilə doldurulmasına töhvə verməkdir. Bu məqsədlə Cavanşir gölündə təmir-bərpa işləri aparılıb.

 Qeyd edək ki, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyəti tərəfindən Ağsu rayonu ilə yanaşı ölkənin Hacıqabul və Şamaxı rayonlarında yeni nasos stansiyalar tikilərək istifadəyə verilib.

 

06.02.2023 08:42