Biləsuvar, Ağdaş və Goranboyda torpaq kanallar beton üzlüyə alınır. Su itkisi minimuma endirilir.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Biləsuvar rayonunda torpaq məcralı kanal beton üzlüyə alınır. Cənubi Muğan Kanalından ayrılan bir-neçə qoldan biri olan R-1 kanalında işlər sürətlə həyata keçirilir. Kanalın 2021-ci ildə 200 metr hissəsi beton üzlüyə alınıb. 2022-ci ildə isə 600 metrdən artıq hissəsinin betonlaşması  nəzərdə tutulub və işlər bu il də davam edir. R-1 kanalı Biləsuvar rayonunda torpaq sahələrinin suvarılmasında önəmli yerə malik olan kanaldır. Su götürmə qabiliyyəti isə saniyədə 7-7.5 kub metrdir.

Bundan başqa idarə Goranboy rayonunda yerləşən və uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Xanarx kanalında da beton işləri aparır. Kanal başlanğıcını Suqovuşan Su Anbarından götürür. Aparılan tədbirlər zamanı rayon üçün suvarmada xüsusi rolu olan kanalın sağ və sol sahilinə beton üzlük çəkilir. 30 il istifadəsiz qalan kanal vasitəsilə 6300 hektar əkin sahəsi asanlıqla suvarıla biləcək.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Ağdaş rayonu ərazisində yerləşən R-2 torpaq məcralı kanal beton üzlüyə alaraq fermerlərin istifadəsinə verilib. Kanal Qəribli, Yenikənd və Aşağı Nemətabad kəndlərinə xidmət edir.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Göygöl, Goranboy, Biləsuvar və Ağdaş rayonlarında meliorativ tədbirlərini davam etdirir.

02.02.2023 08:36