Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC media ilə əlaqələrin möhkəmləndirilməsinə önəm verir.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti media ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan son illərdə meliorasiya obyektlərinə mediaturlar təşkil olunur, həyata keçirilən layihələr barədə məlumatlara jurnalistlərin əlçatanlığı təmin edilir.

ASC-nin ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə meliorasiya sahəsində görülən işləri operativ və hərtərəfli işıqlandıran media qurumları və jurnalistlər təltif olunublar.

Meliorasiya Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə melioratorlar, media nümayəndələri və “Meliorasiya könüllüləri” iştirak ediblər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov tədbiri açaraq, hər il ölkəmizdə meliorativ tədbirlərin miqyasının genişləndirildiyini, yeni layihələrin icra olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu işlərin ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük əməyi var. Bunu nəzərə alan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi media ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir.

Sonra çıxış edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müşaviri Əsəd Şirinov azad olunan torpaqlarda görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Qarabağda və Şərqi Zəngəzurda böyükmiqyaslı meliorasiya layihələri icra olunmaqdadır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən su tutumu 5,86 milyon kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən su tutumu 23 milyon kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən su tutumu 15,5 milyon kubmetr olan 3 ədəd Köndələnçay su anbarının və magistral kanalların təmir-bərpası, uzunluğu 20,2 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulması kimi bir sıra tikinti işlərinə başlanılıb.

“O cümlədən Ağdam, Füzuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə start verilib. Bununla yanaşı, uzunluğu 56 kilometr olan Qız qalası su anbarının magistral kanalının tikintisi, Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən su tutumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarlarının layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam edir. Həkəriçayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisindəki su tutumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə lahiyənləndirmə işlərinin icrasına başlanılıb”, - deyə Ə.Şirinov vurğulayıb.

Jurnalistləri və melioratorları ASC-nin sədri Zaur Mikayılovun adından Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən Əsəd Şirinov Səhmdar Cəmiyyətin fəaliyyətinə verdiyi informasiya dəstəyinə görə bir qrup media orqanını və jurnalisti fəxri fərmanla mükafatlandırıb. 

 

23.12.2022 14:57