Jurnalistlər Xaçınçay və Suqovuşan su anbarlarında aparılan təmir-bərpa işləri ilə tanış olublar.

about1

Yerli media nümayəndələrinin Ağdam rayonu ərazisindəki Xaçınçay və Tərtər rayonu ərazisindəki Suqovuşan su anbarlarına səfəri təşkil olunub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə təşkil edilən səfər zamanı media nümayəndələri əvvəlcə Xaçınçay su anbarında aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov məlumat verib ki, Xaçınçay su anbarı 1964-cü ildə Xaçınçayın üzərində tikilib. Bu çay Azərbaycan ərazisində formalaşır və mənbəyini dəniz səviyyəsində təqribən 1800 metr hündürlükdən götürür. Su anbarı Ağdamın 7 min hektar əkin sahəsini suvarma ilə təmin edirdi. İşğal dövründə su anbarı tamamilə dağıdılmışdı, bənd qəzalı vəziyyətdə idi. Bununla əlaqədar olaraq, təcili tədbirlərə başlanıldı. İlk növbədə ərazi minalardan təmizləndi. Sonra su anbarının yenidən qurulması üçün iqtisadi-texniki əsaslandırma və layihə-smeta sənədləri hazırlandı. Hazırda iki aydır ki, burada iki növbəli iş görülür.

Bəndin beton hissəsi 80 min kvadratmetrə yaxındır. Həmin beton tamamilə aşınmaya məruz qalmışdı. Beton sökülüb, dəmir hissə çıxarılıb. Hazırda yamacda betonlama işinin 80 faizi görülüb. Suqəbuledici qüllə, estakada, qəza sutullayıcı, qurğu da pis vəziyyətdə idi. İndi bərpa işləri aparılır. Magistral kanalın su buraxma qabiliyyəti 3,2 kubmetr/saniyə olan 7 kilometr hissəsində də betonlama işlərinə başlanılıb. Bu işlərin gələn ilin oktyabrına qədər tam başa çatması planlaşdırılır. Xaçınçay su anbarında yeni inzibati binanın və təmir emalatxanasının da tikintisi nəzərdə tutulub.

Media nümayəndələri sonra “Tərtər” sol sahil magistral kanalının tikintisi ilə tanış olublar. ASC-nin Tərtər Hidroqovşağı İstismar İdarəsinin rəisi Emil Hacıyev bildirib ki, Tərtər sol sahil magistral kanalı 22,4 kilometr uzunluğundadır. Bu kanal saniyədə 20 kub su ötürür. Goranboy, Yevlax, Bərdə və Tərtərin sol sahilində yerləşən kəndlərdə, ümumilikdə, 29 min hektar sahənin suvarılmasında mühüm rol oynayır.

“Tərtər” sol sahil magistral kanalında təmir işlərinə iki həftədir başlanılıb və gələn ilin oktyabrında tamamlanması gözlənilir. Kanalın dibi və kənarları ağac və kol-kosdan təmizlənir, dib və yamaclarının mövcud beton üzlüyü sökülərək yenidən betonla üzlənir. Kanalın su mənbəyi Suqovuşan anbarıdır. Birinci Qarabağ müharibəsində Suqovuşan su anbarı işğal altında olduğuna görə, kanala su verilməyib. Təmir-bərpa işləri başa çatdıqdan sonra kanala yenidən Suqovuşan anbarından suyun verilməsi təmin ediləcək.

Jurnalistlər daha sonra Suqovuşan su anbarına gəliblər. Məlumat verilib ki, Suqovuşan su anbarı 1975-ci ildə tikilərək istismara verilib. Su anbarının suvarma sahəsi 96 min 217 hektar, sahəsi 580 min kvadratmetr, həcmi 5,8 milyon kubmetrdir.

Təmir-bərpa işləri çərçivəsində Suqovuşan su anbarının yamacının beton üzlüyə alınması nəzərdə tutulur ki, orada da təqribən 7 min kubmetrə yaxın beton işi həyata keçiriləcək. Suqovuşan bəndinin, onun seqment qapıları təmir edilir, dib sutullayıcısı və irriqasiya suburaxıcı qapılar tamamilə yenidən qurulur. 5,2 kilometr uzunluğunda magistral kanalın dibinin ağac və kol-kosdan təmizlənərək, dib və yamaclarının yenidən bütünlüklə betonla üzlənməsi həyata keçirilir. Suqovuşan bəndinin və ondan ayrılan magistral kanalın təmiri zamanı 32 min kubmetr, sol sahil kanalın təmiri zamanı isə 39 min kubmetr beton işi görüləcək. Qülləli su qəbuledici başlığın, suaşıranın hidromexaniki və hidravliki avadanlıqları da təmir olunaraq yenilənəcək. Bütün bu işlərin gələn ilin sentyabr-oktyabr aylarında başa çatdırılması nəzərdə tutulub. Bu işlər başa çatdıqdan sonra su itkisi xeyli azalacaq və sudan tam səmərəli istifadəyə nail olunacaq.

İkinci mərhələdə Tərtər sağ sahil kanalının, sol sahil kanalının paylayıcı hissələrinin bərpası, üçüncü mərhələdə şəbəkələrinin təmiri-bərpası nəzərdə tutulur.

19.12.2022 10:16