Qaxda torpaq kanal beton üzlüyə alınır. Kürmük çayında bənd tikilir.

about1

Son illər Qax rayonunda meliorativ tədbirlər sürətlə davam edir. Bu işlərə əsasən suvarma kanallarının lildən təmizlənməsi, beton üzlüyə alınması, çay məcralarının təmizlənməsi və daş-beton bəndlərin tikilməsidir. Hazırda Qax rayonunda hər üç istiqamətdə bu işlərin görülməsi həyata keçirilir. Əvvəllər torpaq məcralı olan Qıpçaq kanalının 750 metrinin beton üzlüyə alınması ilə su itkisi minimuma endirilir. Bununla da əkin sahələrinə verilən suvarma suyu normalara uyğun çatdırılır. Hazırda Qax Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun Qıpçaq kəndi ərazisində bu işlər davam etdirilir. Əsaslı təmir işləri əkin sahələrinin suvarma suyu ilə tam təmin olunması məqsədi ilə aparılır. Əvvəlki illərdə əkin sahələrinin suvarılmasında çətinliklər yaranırdısa artıq bu problem aradan qaldırılıb.

Qax Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində suvarmanın yaxşılaşdırılması istiqamətində görülən işlərlə paralel olaraq selə qarşı mübarizə tədbirləri də həyata keçirilir. Belə ki, zaman-zaman sel gətirən Kürmük çayında məcra təmizləmə, o cümlədən daş beton bənd tikilir. Bununla da ətraf ərazilər yarana biləcək sel təhlükəsindən qorunmuş olur.

Qeyd edək ki, Qax Suvarma Sistemləri İdarəsi tərəfindən cari ildə 650 kub daş beton, 750 metr uzunluqda Qıpçaq kanalının beton üzlüyə alınması, 200 min kub metrdən artıq kanallarda lildən təmizləmə və 300 min kub metrdən artıq məcra təmizləmə işləri görülüb. Bundan başqa bir ədəd artezian quyusu əsaslı təmir olunub, digər quyularda isə cari təmir işləri aparılıb.

 

15.12.2022 09:05