İmzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov, sədrin müşaviri Əsəd Şirinov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Yengicə su anbarının tikintisinin əhəmiyyətindən danışıb, yeni su anbarının Qəbələ rayonunda kənd təsərrüfatının, turizmin, ümumiyyətlə, rayon iqtisadiyyatının inkişafına böyük təkan verəcəyini bildirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbədən də danışan Z.Mikayılov, Azərbaycan dövlətinin azad olunan ərazilərdə böyük quruculuq, tikinti-bərpa işləri apardığını diqqətə çatdırıb və bu işlərdə Türkiyə şirkətlərinin mühüm rol oynadığını vurğulayıb.
“SURYAPI AZ” MMC-nin direktoru Cem Hakan Elmas çıxış edərək, Vətən müharibəsində qazanılan Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb və bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin onda yüksək təəssürat doğurduğunu deyib.
Cem Hakan Elmas Yengicə su anbarının tikintisinin uğurla həyata keçiriləcəyinə və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Sonra Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına Əlavə 2-də Yengicə su anbarının tikintisi də nəzərdə tutulub.
Yengicə su anbarının tikinti işləri ilə bağlı “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender keçirilib və tenderin nəticəsi olaraq qalib şirkət “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi ve Ticarət Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə müəssisəsi müəyyən olunub.
Yengicə su anbarının tikintisi işləri 2022-2024-cü illərdə həyata keçiriləcək. Anbarın tikintisinə başlanılması üçün Səhmdar Cəmiyyət ilə “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi və Ticaret Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyi arasında podrat müqaviləsi bağlanılıb.
Yeni anbarın ümumi su tutumu 17,5 milyon kubmetr, istifadə olunan həcmi isə 12,4 milyon kubmetr nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin, o cümlədən 3388 hektar sahənin su təminatı yaxşılaşacaq, 6612 hektar yeni torpaq sahəsinin suvarılması təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.
24.11.2022 19:20