Qubadlıda “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq.

about1

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Açıq Səhmdar Cəmiyyətinin  sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə məlumat verdi.

Bildirildi ki, bu layihələr Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 21-ci iclasında Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının yaradılması və magistral boru kəmərinin tikintisi məqsədilə verilmiş tapşırıqların icrası olaraq ASC tərəfindən hazırlanıb.

Eyni zamanda, ASC tərəfindən Türkiyə Respublikasının “Suyapı” məsləhətçi şirkəti dəvət edilərək Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının və ondan ayrılacaq magistral kanalların (Laçın-Qubadlı-Zəngilan) yaradılması məsələsi üzrə müvafiq araşdırmalar aparılaraq təkliflər hazırlanıb.

Araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasib hesab edilib. Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması təklif edilib.

Eyni zamanda, Zabuxçay çayının suyunun yeni su anbarında tənzimləməklə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə suyun verilməsi, eyni zamanda, layihədə subasar zonadan avtomobil yolunun kənarlaşdırılaraq yeni yolun çəkilməsi və bəndyanı Su Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulur.

Nəticə etibarilə, Qubadlı və Zəngilan rayonları ərazisində “Dost Aqro” şirkətinin 1900 hektar, “Azərsun” MMC-nin 3300 hektar, “AzərAqrar” şirkətinin 2500 hektar, “Aqrovay” şirkətinin 2700 hektar, “Dost Ziraat Heyvandarlıq” şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin oluna bilər.

Qeyd edildi ki, Bərgüşadçay su anbarının yeri isə topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.

Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.

20.10.2022 08:45