Göygöldə 15 min hektardan artıq sahə suvarılır.

about1

Göygöl Suvarma Sistemləri İdarəsi ilin əvvəlindən etibarən suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq bütün işləri yerinə yetirib. 2022-ci  ilin 9 ayı ərzində Göygöl rayonu ərazisində 15210 ha suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin suvarılması təmin edilib. İdarənin balansında olan subartezian quyuları və nasos stansiyaları vasitəsilə də əkin sahələrinin suvarılması yerinə yetirilib. Hazırda kanal və arxların lildən təmizlənməsi prosesi də sürətlə aparılır. Bu vaxta qədər 466 min kub metr lildən təmizləmə işləri həyata keçirilib. İdarənin balansında olan 35 ədəd hidrotexniki qurğu, 21 ədəd hidropost cari təmir edilib. Bundan başqa Qoşqar çayın sahilində yerləşən Bəhrambəy su tutarında lildən təmizləmə işləri davam etdirilir. Ümumi həcmi 100300 kub metr olan Göl uzun müddət istifadə olunduğundan lillə örtülüb. Hazırda lilin kütləsi 6 min kub metrə yaxındır. İdarənin texnikaları vasitəsi lil kütləsi göldən çıxarılır və hamarlanma işləri aparılır. Görülən işlərin yaxın günlərdə tamamlanacağı planlaşdırılıb.

Azərbaycan Respublikası Prezidenti sərəncamına uyğun olaraq Balçılı kəndində 1 ədəd, Quşqara kəndində 2 ədəd, Səmədli qəsəbəsində 1 ədəd, Nadil kəndində 1 ədəd olmaqla 5 ədəd yeni subartezian quyularının qazılması başa çatdırılıb. Rayon ərazisində suvarma ilə yanaşı sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də müvafiq işlər görülüb. Sel və daşqınların qarşısını almaq üçün Gəncə çay, Kürək çay və Qoşqar çaylarında çay məcraları mexanizmlə təmizlənib. Ümumilikdə 122 min m3 həcmində çay məcrasının təmizlənməsi işləri həyata keçirilib. 

Qeyd edək ki, Göygöl Suvarma Sistemləri İdarəsi 9 ay ərzində 174 ədəd subartezian quyusunu cari təmir edərək fermerlərin və fiziki şəxslərin  istifadəsinə verib. Bundan başqa Xanlar arxında və Ərəbli  arxında cari təmir işləri aparılaraq həmin arxlar vasitəsilə əkin sahələrinin tam suvarılması həyata keçirilib.

19.10.2022 08:40