Agcabədi rayonunda 26,7 min ha əkin sahəsi 1026 ədəd subartezian quyuları vasitəsilə suvarılır.

about1

Cari ildə Ağcabədi rayonunda 63,0 min ha sahədə əkilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin 40,7 min hektarı mexaniki üsulla (o cümlədən 26,7 min ha 1026 ədəd subartezian quyuları və  14 min hektarı 52 ədəd nasos stansiyası) və 22,3 min hektarı öz axını ilə (Yuxarı Qarabağ, Yuxarı Mil və Xan qızı kanalları) suvarma suyu ilə təmin olunur.                           Son illər qlobal iqlim dəyişiklikləri və yağıntıların az olması səbəbindən su ehtiyatlarının 70 faizi kənardan formalaşan respublikamızda su ehtiyatlarının çatışmazlığı nəzərə alınaraq, mövcud su ehtiyatlarının qorunması, səmərəli istifadəsi, çayların və digər su mənbələrinin təbii rejimlərini nizamlamaqla, eyni zamanda su təsərrüfatı obyektlərində su bölgüsünü tənzimləməklə kənd təsərrüfatı bitkilərindən yüksək və dayanıqlı məhsul əldə etmək üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin görülməsi sahəsində ötən illərdə olduğu kimi, cari ildə də müvafiq tədbirlər görülmüş və hazırda davam etdirilir.

Cari ildə də Ağcabədi Suvarma Sistemləri idarəsinin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin normal istismarının təmin edilməsi məqsədilə ayrılan vəsaitə uyğun olaraq meliorasiya və irriqasiya sistemlərinin cari və əsaslı təmiri həyata keçirilmiş və hazırda bu sahədə işlər davam etdirilir. Rayon ərazisində uzun müddət istismar olunmuş və su səfi azalmış mövcud 111 ədəd subartezian quyularından son 5 ildə ayrılan vəsaitə uyğun 35 ədədində əsaslı təmir işləri aparılmışdır. (yeni quyu lüləsi qazılır və əsasən yeni avadanlıqlarla təmin olunur) Cari ildə 15 ədəd, növbəti ildə daha çox quyunun əsaslı təmir olunması həyata keçiriləcəkdir. Bununlada 2024-ci ildə qeyd olunan quyuların əsaslı təmiri əsasən başa çatdırılacaq. Bundan başqa hər il orta hesabla 400-500 quyuda cari təmir işləri görülür. Cari ilin 9 ayı ərzində istismar müddəti başa çatmış və təmir olunması mümkün olmayan subartezian nasoslarının dəyişdirilməsi üçün Səhmdar Cəmiyyəti tərəfindən Ağcabədi Suvarma Sistemləri idarəsinə 79 ədəd yeni subartezian nasosları verilmişdir ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 10 faizə qədər artıqdır.                       

2010-2021-ci illərdə rayon ərazisində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 256 ədəd subartezian quyusu qazılmış və istismara verilmişdir. Cari ildə 10 ədəd subartezian quyusu qazılmış və 1 ay müddətində istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə respublikanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədi ilə subartezian quyularının layihələndirilməsi və qazılmasına ayrılmış vəsait çərçivəsində Ağcabədi rayonunda 29 ədəd subartezian quyusunun yeri müəyyən edilərək aktlar tərtib olunmuş və Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Cari ildə subartezian quyularının layihə sənədlərinin hazırlanması və növbəti illərdə qazılması nəzərdə tutulur.          Cari ildə mövcud su çatışmazlığına (əsasən Araz çayı hövzəsində, Ağcabədi rayonu 12,0 min ha) baxmayaraq, Səhmdar Cəmiyyəti rəhbərliyinin, həmçinin yerli istismar istismar idarələrinin aidiyyəti qurumların nümayəndələrinin birgə fəaliyyəti nəticəsində suvarma mütəşəkkil keçirilmiş və kənd təsərrüfatı bitkiləri əsasən tələbata uyğun suvarma suyu ilə təmin olunmuşdur. Müqayisə üçün 2017-ci ildə Ağcabədi rayonunda suvarılan əkin sahələri 51,2 min ha olduğu halda, bu sahələr ilbəil artaraq 63,0 min hektara çatdırılmışdır.

Görülmüş tədbirlər nəticəsində 1 oktyabr 2022-ci il tarixinə rayon üzrə kənd təsərrüfatı bitkiləri 63,0 min ha sahədə orta hesabla 6,2 dəfə (ötən il 4,9 dəfə) suvarma suyu ilə təmin olunmuşdur. O cümlədən 19,8 min hektar sahədə dənli bitkilər 3,4 dəfə, 11,8 min hektar sahədə pambıq 4,4 dəfə, 22,7 min hektar yem bitkiləri 6,6 dəfə, 3,0 min ha çoxillik əkmələr 3,6 dəfə, 1,4 min hektardan artıq bostan-tərəvəz bitkiləri 7,3 dəfə, 4,3 min ha həyətyanı sahələri 9,0 dəfə suvarma suyu ilə təmin olunmuşdur. Bununla yanaşı, əhalinin kommunal-məişət, içməli su ehtiyaclarının ödənilməsi və digər məqsədlər üçün suyun verilməsi həyata keçirilmiş, hazırda bu işlər davam etdirilir.

Ötən il kənd təsərrüfatı bitkiləri 4,9 dəfə suvarma suyu ilə təmin edildiyi halda, cari ildə 6,2 dəfə suvarılmışdır.

Su ayrıclarından əkin sahələrinin suvarılması və digər məqsədlər üçün 468 mln.kbm suyun verilməsi təmin edilmişdir. Ötən ilə nisbətən 17 mln.kbm az su götürülməsinə baxmayaraq, su itkilərinin qarşısının alınması , su ehtiyatlarında səmərəli istifadə olunması, növbəlik qrafikinə əməl olunması və digər tədbirlər nəticəsində əkin sahələri 1.3 dəfə artıq suvarılmışdır.                                                                                                                                              Bir sıra əkin sahələrinin suvarma suyu ilə təminatında çətinliklər və çatışmazlıqlar mövcuddur. Belə ki, su təsərrüfatı obyektlərinin yenilənməsinə ehtiyac olması, su istifadəçiləri tərəfindən növbəlik qrafikinə əməl olunmaması, becərilməsinə çox su tələb olunan bitkilərin əvvədən xəbərdar olunmasına baxmayaraq su təminatında çətinliklər olan və suvarma kanallarının sonunda yerləşən sahələrdə əkilməsi, sahələrin hamarlanmaması, əkin sahələrinin dağınıq olması və bir sıra obyektiv və subyektiv səbəblərdən əkin sahələrinin su təminatında müəyyən çətinliklər olmuşdur. Lakin, əkin sahələrinin suvarılmasında ötən illərə nisbətən bütün respublikada olduğu kimi, Ağcabədi rayonunda da əhəmiyyətli irəliləyiş olmuşdur. Müxtəlif dövlət qurumlarına ünvanlanmış müraciət və ərizələr Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən onların və yerli icra orqanlarının birgə iştirakı ilə yerində araşdırılır və həlli istiqamətində müvafiq tədbirlər görülür.

14.10.2022 08:46