Oktyabrın 12-də Meliorasiya Elmi-Tədqiqat İnstitutunda “Davam” Gənclər Hərəkatının rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müşaviri Əsəd Şirinov, Meliorasiya Elmi-Tədqiqat İnstitutunun direktoru Mir Mövsüm Dadaşev, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, “Davam” Gənclər Hərəkatının sədr müşaviri Niyaz Əliyev, institutun əməkdaşları, təşkilatın fəalları və könüllülər iştirak ediblər.
Meliorasiya Elmi-Tədqiqat İnstitutu və “Davam” Gənclər Hərəkatının birgə fəaliyyət gündəliyi müzakirə edilib və qarşılıqlı əməkdaşlığın perspektivləri barədə danışıqlar aparılıb. Daha sonra əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə tərəflər arasında memorandum imzalanıb.
Memoranduma əsasən, su ehtiyatlarının qorunması, sudan səmərəli istifadə edilməsi, həmçinin meliorasiya sahəsində tədbirlərin təşkilində könüllü dəstəyinin göstərilməsi üçün “Meliorasiya könüllüləri” Təşəbbüs Qrupunun yaradılması və bu qrupun fəaliyyətinin tənzimlənməsi üçün institut ilə davamlı işin aparılması qərarlaşdırılıb. Belə ki, formalaşdırılan Təşəbbüs Qrupunun “Davam” Gənclər Hərəkatı tərəfindən əlaqələndiricisi Niyaz Əliyev, Meliorasiya Elmi –Tədqiqat İnstitutu tərəfindən isə “Beynəlxalq əlaqələr, marketinq və innovasiya” şöbəsinin müdiri Səməd Rzazadə müəyyənləşdirilib.
Görüş çərçivəsində Meliorasiya Elmi-Tədqiqat İnstitutunun saytının təqdimatı da keçirilib.
Sonda sual-cavab sessiyasında gənclərlə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.
12.10.2022 16:59