Lənkəranda suvarma mövsümü başa çatır.

about1

Cənub bölgəsində suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi üçün Lənkəran rayonu ərazisində görülən işlər öz bəhrəsini verib. Əldə olunan yüksək məhsuldarlıq, xüsusən də strateji məhsul çay, çəltik, çiyələk və digər dənli bitkilərin yığımı bunun bariz nümunəsidir.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin su anbarı, Lənkəran rayonunun 7000 hektar, Astara rayonunun 2000 hektar və Lerik rayonunun isə 284 hektar əkin sahələrini suvarma su ilə təmin edir.  Xanbulançay su anbarından başqa, Lənkərançay çayının 12 ədəd sututarından və 14 ədəd su artizian quyularından istifadə olunur. Suvarma mövsümünün əvvəlində Xanbulançay su anbarına 50 milyon kubmetrdən artıq su yığılıb və həmən su səmərəli şəkildə suvarmalara istifadəyə verilib. Hal – hazırda suvarma bitdikdən sonra Xanbulançay su anbarında 18 milyon kubmetr su ehtiyatı qalıb.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin balansında 1600 km uzunluğunda suvarma şəbəkəsi mövcuddur. Bunun 960 km uzunluğunda hissəsi bağlı şəbəkələrə aiddir. Bundan başqa Xanbulançay Hidroqovşağı İdarəsinin balansında 40 km – dən yuxarı beton üzlüklü magistral kanal mövcuddur ki, həmən kanallarda, istər kanalların özündə istər də hidrotexniki qurğularda hazırlıq işləri ilə əlaqədar cari təmir işləri görülüb və suvarmaya hazır vəziyyətə gətirilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün idarənin texnikaları tərəfindən suvarma şəbəkələrində mütamadi olaraq, lildən təmizlənmə işləri aparılıb. Mövsümün əvvəlindən 456 min kubmetr həcmində torpaqqazma işləri həyata keçirilib. Bu da öz gücünü işin keyfiyyətli olmasında göstərdi.

Qeyd edək ki, suvarma ilə yanaşı Lənkəran və Astara rayonlarını müəyyən qədər içməli su təminatı da Xanbulançay su anbarı vasitəsilə həyata keçirilir. Hərəkət istiqamətinə uyğun olaraq su sağ və sol sahil magistral kanalları ilə verilir. Bu magistral kanalların üzərində yerləşən su nasos stansiyaları daim diqqətdə saxlanılır.  

19.09.2022 09:30