Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazisində yerləşən 120 min hektar ərazinin suvarılmasına xidmət edir. Hidroqovşaq 1972-ci ildən bu günə qədər fəaliyyətini uğurla davam etdirir. İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün 3 kanaldan istifadə olunur. Bunlar Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanallarıdır. Suvarma kanallarında mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır. Suvarmada böyük rola malik olan Baş-Mil kanalının uzunluğu 37.2 km, hazırki sugötürmə qabiliyyəti isə 80 kub metrdir. Kanal Füzuli və Beyləqan rayonları ərazisindən keçir. Bu kanaldan Yuxarı-Mil və Yeni Xanqızı kanalları ayrılır. Yuxarı-Mil kanalı Füzuli, Xocavənd və Ağcabədi rayonlarının torpaq sahələrini su ilə təmin edir. Yeni Xanqızı kanalı isə Beyləqan və Ağcabədi rayonlarının əkin sahələrinin su təminatını yaxşılaşdırır.
Hazırda adıçəkilən kanallarda lildən təmizləmə işləri aparılır. Bu günə qədər kanallardan torpaq həcminə görə 60 min kub metr lil çıxarılıb. Əllə isə 1000 kub metr hidro texniki qurğuların qarşısından çıxarılıb. İdarə tərəfindən 30 min kvadrat metr sahədə kol-kosdan təmizləmə işləri həyata keçirilib. Hidroqovşaq üzərində suyu vaxtında ərazilərə çatdırmaq üçün 6 ədəd seqmentvari qapı var ki, bu qapıların da hər birinin su buraxma qabiliyyəti 400 kub metr saniyədir. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur.
Qeyd edək ki, Hidroqovşaq Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsilə 5 rayona xidmət edir. Həmin rayonların ərazilərində hər il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir və bol məhsul əldə edilir.
15.07.2022 10:29