Zəngilanda beynəlxalq su konfransı keçirilib.

about1

“Ağıllı kənd” yaşayış massivi beynəlxalq su konfransına ev sahibliyi edib.

İyunun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndindəki “ağıllı kənd” yaşayış massivində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub.

Konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.

 

Tədbirdə həmçinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov çıxış edərək bildirib ki, suyun əlçatanlılığı təmin edilməsi dövrümüzün ən əsas qlobal problemlərindən biridir.  Bu gün Yer kürəsinin su ehtiyatlarının əksəriyyəti artan əhali, dayanıqsız inkişaf istiqamətləri, eləcə də bütün ölkələrə, xüsusən də regionumuza təsir edən iqlim dəyişikliyinin təzyiqi altındadır.  Hazırda regionumuzun su ehtiyatlarının böyük hissəsinin sərhədlərarası paylaşıldığını nəzərə alsaq, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bizim milli sərhədlərdən və qısamüddətli maraqlardan daha da uzağa baxmağa ehtiyacımız var.

Zaur Mikayılov həmçinin bildirb ki, sərhədlərarası paylaşılan su hövzələrini inteqrasiyalı və davamlı şəkildə idarə etmək üçün transsərhəd su əməkdaşlığı zəruridir. Bu əməkdaşlıq özlüyündə sürətləndirilmiş iqtisadi artımı, insanların rifahının yaxşılaşdırılmasını, ekoloji davamlılığı və artan siyasi sabitliyi təşviq etmək potensialına malikdir. Su əməkdaşlığı konsepsiyası ümumi məqsədə hədəflənərək, qarşılıqlı faydalı olacaq şəkildə birgə işləməyi nəzərdə tutur. Bununla yanaşı, Azərbaycan kimi, mövcud su ehtiyatlarının 70,1%-nin transsərhəd çaylara əsaslandığı ölkələr üçün bu əməkdaşlıq demək olar ki, həyati əhəmiyyət kəsb edir. Biz inanırıq ki, işğaldan azad edilmiş Qarabağ - bütün regionda iqtisadi və ekoloji əməkdaşlığı sürətləndirəcək və  davamlı su təchizatı üçün transsərhəd investisiyalarını təşvik edəcək.

Konfransda Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı, Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qasımova, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmilərin iştirakı ilə geniş müzakirələr aparılıb.

Konfransın sonunda iyunun 30-da Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul edilib. Qeyd edək ki, Azərbaycan Respublikası 2000-ci ildə Konvensiyanı ratifikasiya edib və Konvensiyanın işində fəal iştirak edir.

Beynəlxalq konfrans çərçivəsində diplomatik korpus nümayəndələri “ağıllı kənd”də yaradılan infrastrukturla da tanış olublar.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə Zəngilan rayonunda Həkəri çayına üç min qızılxallı forel balığı buraxılıb.

29.06.2022 18:25