Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Cəlilabad rayonunda vətəndaşlarla görüşüb.

about1

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov iyunun 10-da Cəlilabad şəhərində Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Cəlilabad Suvarma Sistemləri İdarəsinin inzibati binasında Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyaların quraşdırılması, nov kanallarının çəkilməsi, su buraxıcı qurğuların tikilməsi, kanalların lildən təmizlənməsi, subartezian quyuların qazılması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

10.06.2022 08:56