Hacıqabul Suvarma Sistemləri idarəsi tərəfindən əvvəlki illərdə olduğu kimi bu il də rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması üçün ilin əvvəlindən hazırlıq işlərinə başlanılıb. İdarənin əsas vəzifələrindən biri də balansda olan suvarma sistemlərinin qorunub saxlanılması, onların normal iş rejimində istismar olunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə idarənin balansında olan 10 ədəd nasos stansiyadan 5-nin nasos aqreqatlarında təmir işləri aparılıb. Belə nasos stansiyalardan biri də suvarma suyunu Kür çayından götürən Abdulabad nasos stansiyasıdır ki, bu nasos stansiya 2500 hektardan artıq əkin sahəsinin suvarılmasını təmin edir. Bundan başqa bu ilin əvvəlindən 17 ədəd hidrotexniki qurğuda, 830 paqonometr nov kanallarda, 205 paqonometr beton kanallarda və boru kəmərlərində cari təmir işləri görülüb.
İdarənin balansında olan Pirsaat su anbarı vasitəsilə suvarılan Navahı, Atbulaq, Qızılburun kəndlərinin ərazilərində 3030 hektara yaxın taxıl sahələri bu günə kimi Sol Sahil Navahı nasos stansiyası hesabına suvarılıb. Ancaq bu il aprel ayından etibarən Pirsaat su anbarına su daxil olub. Bu da Navahı-Pirsaat massivində əkinlərin su təminatının yaxşılaşmasına böyük təkan verib. Hazırda Navahi-Pirsaat massivinin su təminatının yaxşılaşdırılması üçün Sol Sahil Salyan Magistral kanalında lildən təmizləmə işləri aparılır. Əkinlərin su təminatının yaxşılaşması üçün bu il ilk 3 ayında 106 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib.
Pirsaat su anbarından kanallar vasitəsilə əkin sahələrinə verilən su əsasən taxıl əkən fermerləri sevindirib. Çünki, onlar bu il əkdikləri taxılı vaxtında suvararaq bol məhsul əldə edə biləcəklər. Hazırda su istifadəçiləri buğda və arpanın suvarılmasını yerinə yetirirlər.
Qeyd edək ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi Hacıqabul rayonunun 19 min hektara yaxın suvarılan torpaq sahələrinə xidmət edir. Eyni zamanda idarə 34 min hektar qış otlaqlarında içməli su təminatını da həyata keçirir.
25.04.2022 08:39