Zərdabda 19 min hektara yaxın taxıl əkilib, suvarma uğurla davam edir.

about1

Zərdab rayonu ərazisində olan 40595 hektar torpaq sahələrinin suvarılması Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir. Ümumilikdə idarənin balansında 69 ədəd nasos stansiyası mövcuddur ki, həmin nasos stansiyalarda 110 ədəd aqreqat quraşdırılıb. Cari ildə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə əlavə nasos stansiyanın quraşdırılması isə suvarmada yarana biləcək problemləri aradan qaldırıb. Ümumilikdə bu il Zərdab rayonunda 19 min hektara yaxın taxıl əkilib. Hazırda taxıl sahələrinin suvarılması davam edir.

Zərdablı fermerlər bu il sahələrdən bol məhsul gözləyir. Bunun səbəbi isə əkin aparılan torpaqların vaxtında suvarılmasıdır. Sahələrə verilən suyun bir hissəsi Kür çayından götürülməklə nasos stansiyalar vasitəsi ilə kilometrlərlə məsafədə beton və nov kanallarla əkin sahələrinə çatdırılır. İdarənin balansında olan suvarma kanallarının ümumi uzunluğu 1250 km-dir. Bundan 92 km-i nov kanallardır. Suvarmada önəmli yerə malik olan beton və nov kanallar su itkisinin qarşısını almaqla yanaşı su istifadəçiləri fasiləsiz suvarma suyu ilə təmin edir. Bu il daha 700 metr suvarma kanalının beton üzlüyə alınması planlaşdırılır. Bundan başqa kanallar üzərində olan hidrotexniki qurğuların da təmiri mütəmadi olaraq aparılır.

Məlumat üçün bildirək ki, Zərdab Suvarma Sistemləri İdarəsinin əsas su mənbələri Kür, Türyançay və Göyçay çayıdır. Suvarma nasos stansiyalar vasitəsilə mexaniki üsulla aparılır. Rayonda hər il taxıl, pambıq, yem bitkiləri, bostan-tərəvəz və  çəltik əkilir.

22.04.2022 11:59