Kənd təsərrüfatı bitkilərinin inkişafı suvarmadan asılıdır. Düzgün suvarılma məhsuldarlığı dəfələrlə artırdığından Azərbaycanda bu sahə xüsusilə diqqətdədir. Əsas əkinçilik sahələri çəltik, tərəvəz və bostançılıq olan Masallıda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Masallı rayonunda Viləşçay və Babaser su anbarı, 37 kiçik sututarı və subartezian quyuları vasitəsilə suvarma suyunun verilməsi təmin olunur. Leysan xarakterli yağışlar nəticəsində rayon ərazisindəki bu su mənbələrində kifayət qədər su yığımına nail olunub. Hazırda Masallıda 9890 hektar əkin suvarma sahəsi 10110 hektara qədər artırılıb. Viləşçay su anbarı istismarı idarəsi tərəfindən rayonda suvarma mövsümünə hazırlıq işləri aparılır və tamamlanmaq üzrədir. Hidrotexniki qurğularda təmir işləri gedir. Sağ sahil magistral beton kanalı təmir edilir, sol sahil torpaq kanalında isə qazıntı, lildən təmizlənmə işləri aparılır.
Masallı rayonunda 63 ədəd subartezian quyusu mövcuddur. Nəzərdə tutulan və bu il qazılan 4 ədəd quyu artıq tamamlanmaq üzrədir. Bu quyular əsasən sitrusçuluq, çayçılıq üçün nəzərdə tutulub və həmin ərazilərdə qazılır.
Mart ayında intensiv yağıntılar nəticəsində Viləşçay su anbarında hazırda 42.6 milyon kubmetr su mövcuddur. Suyun balansını qorumaq üçün, anbarda su yığımı daşqına səbəb olmasın deyə saniyədə 115 kub metr su Viləşçaya buraxılır.
Qeyd edək ki, Viləşçay su anbarının tutumu 46 milyon kub metrə malikdir. Su anbarının faydalı həcminin artırılması məqsədilə 2-ci növbəsinin tikilməsi nəzərdə tutulub. Cənab Prezidentin müvafiq sərəncamına əsasən layihə işləri aparılır. 2-ci növbə nəzərdə tutulub ki, 128 milyon kubmetr sututma qabiliyyətinə malik olsun. Bununla da Masallı rayonunda ümumi 17000 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin oluna biləcək.
20.04.2022 07:46