Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov martın 10-da Ağsu şəhərində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ağsu Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, nov kanallarının qurulması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
10.03.2022 13:00