Ağsuda 250 metr beton bənd tikilib, 1100 metr kanal beton üzlüyə alınıb.

about1

Ağsu Suvarma Sistemləri İdarəsi 37070 hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün 967 km suvarma kanalından istifadə olunur. Bunlardan 63 km-i beton kanalardır. Ötən il suvarma kanallarında 1100 metr betonlaşma işləri görülüb. Rayonda payızlıq əkin olaraq 30 min hektara yaxın taxıl əkilib ki, bundan 15670 hektarı arpa, 14200 hektarı isə buğdadır. Artıq bu sahələrin birinci suvarması başa çatdırılıb. Hazırda texnikalar vasitəsilə bir-neçə istiqamətdə, Qiyaslı, Kəndoba, Cəlayir, Xəlilli və Çiyni kəndləri ərazilərində olan kanallarda da lildən təmizləmə işləri davam edir. Rayonun əsas suvarma kanalı sayılan və 10000 hektardan artıq əraziyə xidmət edən Maşın Qolu kanalında isə lildən təmizləmə işləri yekunlaşmaq üzrədir. Bu kanal 1980-ci ildən istifadə olunduğundan bəzi hissələrində beton üzlük yararsız vəziyyətə düşüb. Su itkisinin  qarşısının alınması üçün idarə tərəfindən ötən il olduğu kimi bu ildə maşın qolu kanalında 1170 metr betonlaşma işləri aparılacaq.

 

Ağsu Suvarma Sistemləri İdarəsi əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə yanaşı yaşayış məntəqələrinin və torpaq sahələrinin sel sularından mühafizəsini də təşkil edir. Ağsu rayonu ərazisindən iki çay keçir ki, bu çayların da hər il sağ və sol sahillərində beton bəndlər çəkilir və məcraları təmizlənir. Ümumilikdə isə rayon ərazisində  6907 metr daş beton bənd mövcuddur. Ötən il yeni 250 metr uzunluğunda mühafizə bəndi çəkilib. Mütəmadi aparılan işlərin davamı olaraq bu il Ağsu çayının ən vacib hissəsində daha bir bəndin çəkilməsi planlaşdırılır.

Qeyd edək ki, Ağsuda suvarma mənbələri Girdimançay, Ağsuçay, Yuxarı Şirvan Kanalı və Cavanşir su anbarıdır. Bundan başqa rayonda 33 ədəd subartezian quyuları vasitəsilə əhalinin içməli və suvarma suyuna olan təlabatı da ödənilir.

28.02.2022 14:30