“Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü keçirilib. Görüş Covid-19 koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində keçirilib.
Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov, Elxan Hüseyinov və komissiyanın üzvləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılmışdır. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanmışdır.
18.06.2021 10:00