İyunun 3-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.

about1

İyunun 3-də yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə təşkil edilən səfərdə məqsəd Suqovuşanın azad olunmasının suvarma işlərinin təşkilində yaratdığı üstünlüklərin nümayiş etdirilməsidir.

Media nümayəndələri Suqovuşan su anbarı, anbarın bəndində aparılan təmir işləri ilə tanış olublar. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov jurnalistlərə açıqlamasında bildirib ki, su anbarının ərazisi minalardan və digər partlamamış sursatlardan təmizlənib, qiymətləndirmələr aparılıb. Artıq Suqovuşan bəndində təmir işlərinə başlanılıb. Birinci mərhələdə Suqovuşan bəndinin mexaniki avadanlıqları, suburaxıcı qurğuları, seqment qapıları, eləcə də 5,2 kilometr uzunluğunda magistral kanalın təmiri həyata keçiriləcək. İkinci mərhələdə uzunluğu 22 kilometr olan Tərtərçay Sol Sahil kanalı, üçüncü mərhələdə isə uzunluğu 70 kilometr olan Tərtərçay Sağ Sahil kanalını təmir-bərpa ediləcək. Təmir işlərinin birinci mərhələsi bu ilin sonunadək başa çatdırılacaq. İkinci mərhələnin bu il başlanması və gələn il yekunlaşdırılması nəzərdə tutulur. Üçüncü mərhələ üçün də işlər aparılır. Təmir-bərpa işləri nəticəsində ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq.

Media nümayəndələri səfər çərçivəsində Tərtər rayonunda subartezian quyularında tətbiq edilən SCADA sistemi ilə də tanış olublar. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov deyib ki, Suqovuşan su anbarının uzun illər işğal altında olması səbəbindən alternativ mənbə kimi subartezian quyularından istifadə edilib. Respublikamızda istismarda olan 8250 subartezian quyusundan 517-də SCADA sistemi quraşdırılıb. Əlavə olaraq, bu il 400 ədəd subartezian quyusunda SCADA sistemi quraşdırılacaq. Bu sistem vasitəsilə su quyularına uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi üçün limit qoyulur. SCADA sistemi həm enerji həm də su itkisinin qarşısının alması üçün vacib bir sistemdir. Çalışacağıq ki, bir neçə il ərzində bütün subartezian quyularında bu sistem quraşdırılsın.

ASC-nin Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev isə bildirib ki, 30 ilə yaxın dövrdə Tərtərçay Sol Sahil kanalına su verilmədiyi üçün Tərtər rayonu ərazisində təkcə 2003-cü ildən indiyə kimi 262 subartezian quyusu qazılıb. Rayon ərazisindəki 29 min 133 hektar sahənin 18 min 412 hektarı son 30 ildə yalnız subartezian quyuları vasitəsilə suvarılıb. Sol Sahil və Sağ Sahil kanalları təmir olunub istismara verildikdən sonra 211 subartezian quyusunun dayandırılması gözlənilir. Rayon ərazisindəki subartezian quyularının 47-si SCADA sisteminə qoşulub. Bu sistemin çox böyük əhəmiyyəti var.

Qeyd edək ki, 1976-cı ildə istismara verilmiş Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan sular hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Lakin 28 il bundan əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı işğal olunduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb.

03.06.2021 18:00