Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılıb. Kanalların yenidən qurulması Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən həyata keçiriləcək.
Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular işğaldan əvvəl su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının, ümumilikdə, 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndinin azad edilməsi ilə bu ərazilərin su təminatındakı çətinliklər aradan qaldırılacaq.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib: "Suqovuşan su anbarından ayrılan Sol Sahil magistral kanalı hazırda bərbad vəziyyətdədir. Kanalın bir çox yerləri dağıdılıb, ondan istehkam məqsədilə istifadə edilib. Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin layihə institutu tərəfindən layihə-smeta işləri həyata keçirilir. Qısa müddət ərzində Tərtər Sol Sahil kanalı bərpa ediləcək. Təsərrüfatların su təminatı yaxşılaşacaq".
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əməkdaşları işğaldan azad edilmiş Suqovuşan kəndində olub, Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.
İnstitutun direktoru Elbrus Paşayev bildirib ki, Tərtər Sol Sahil kanalının və Xanarx kanalının yenidən qurulmasına başlanılıb. "Lakin subölüşdürücü qurğuya qədər olan 5,2 kilometrlik məsafə, yəni Tərtər kanalında da təmir-bərpa işlərinə ehtiyac var. Ermənilər işğal zamanı kanalın qarşısını beton sədlərlə kəsərək, onun irriqasiya funksiyasını enerji istehsal etmə funksiyasına çevirmişlər. Bu məsələlərə layihədə yenidən baxılacaq və lazımi tədbirlər görüləcək. Çünki bu kanalın əsas qayəsi irriqasiya üçündür. Bu kanal vasitəsilə bir neçə rayonun əkin sahələrinin suvarılması həyata keçirilir".
Əraziyə baxış keçirilən zaman erməni işğalçıları tərəfindən Sol Sahil kanalının dağıdılaraq yararsız hala salındığı məlum olub. Bundan başqa uzun illər ərzində kanalın istifadəsiz qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb.
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əməkdaşı Akif Sultanov deyib: "İşğal zamanı Sol Sahil magistral kanalının bir çox hissəsi dağıdılıb, səngərlər qazılıb. Bundan başqa 30 il müddətində baxımsız qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb. Odur ki, kanalın yenidən qurulma layihəsinin verilməsini məqsədəuyğun hesab edirik. Kanal yenidən qurulduqdan sonra suyun təsərrüfatlara çatdırılması mümkün olacaq".
Layihələndirmə işləri başa çatdırıldıqdan sonra Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulmasının qısa vaxtda həyata keçirilməsi nəzərdə tutulur. Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Bu isə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə səbəb olacaq.
14.01.2021 16:00