Suqovuşanın işğaldan azad edilməsi melioratorların böyük sevincinə səbəb olub.

about1

Şanlı Azərbaycan ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan su anbarından Tərtərçaya suyun butaxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev bildirib ki, Suqovuşan kəndi işğaldan azad olunduqdan sonra Tərtərçay Hidroqovşağının istismarı idarəsinin işçiləri tərəfindən su anbarına baxış keçirilib. Su anbarına baxış zamanı məlum olub ki, erməni faşitləri tərəfindən Hidroqovşaqda suyun idarəolunmasını təmin edən bütün hidrotexniki və elektrik avadanlıqları yararsız hala salınıb: "Lakin, bu biz melioratorları ruhdan salmır. Çünki biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Suqovuşan hidroqovşağı və onunla yanaşı Tərtərçay suvarma sistemi də yenidən bərpa edilərək əvvəlki vəziyyətindən də yaxşı hala salınacaq. Nəinki “Suqovuşan” irriqasiya kompleksi, eləcə də işğaldan azad olunacaq digər su təsərrüfatı obyektlərimiz də yenədən təmir olunacaq, torpaq və su istifadəçilərin ixtiyarına veriləcəkdir. Qarabağ torpağı bərəkətli torpaqdır. Həmişə bu torpaqlardan bol məhsul götürülüb. Bundan sonra biz buradan daha bol məhsul əldə edəcəyik".

Suqovuşanın işğaldan azad edilməsi bütün xalqımız kimi meliatorların da böyük sevincinə səbəb olub. İşğaldan əvvəl Hidroqovşağın istismar sahəsinin rəisi işləmiş Məzahir Tağıyev sevincini bölüşərək deyib: "Su anbarına baxış keçirən zaman sevincdən gözlərim yaşla doldu. Bu hissləri sözlə ifadə etmək çox çətindir. 1989-1992-ci illərdə Hidroqovşaqda işləmişəm. Su anbarının elektrik işlərində, qapıların idarə olunmasında, anbarın və kanalların ətrafında bağların salınmasında zəhmətim olub. 28 il idi ki, bu günü - Suqovuşanın işğaldan azad edilməsi gününü gözləyirdim. Nəhayət qoca vaxtımda bu istəyimə çatdım. Bu sevinci bizə yaşatdığına görə bütün melioratorlar adından Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şanlı ordumuza daha böyük qələbələr arzu edirəm".

Qeyd edək ki, Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində Suqovuşan su anbarı 1976-ci ildə istismara verilib. Su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edir. Daxil olan sular su anbarında tənzimlənərək başdan 70 kubmetr/san su buraxılır, Sağ sahil və Sol sahil mağisrtal kanallara bölünür. Sağ sahil magistral kanalının suburaxma qabiliyyəti saniyədə 50 kubmetr və uzunluğu 70,2 kilometr, Sol sahil mağistral kanalı isə suburaxma qabiliyyəti saniyədə 22 kubmetr və uzunluğu 22,4 kilometrdir. Qeyd olunan magistral kanallarla yanaşı Tərtərçay suvarma şəbəkəsinə I-III dərəcəli 100 kilometrlərlə su paylayıcı kanallar da daxildir. Lakin 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. 

Suqovuşan su anbarından Tərtərçaya suyun verilməsinin təmin olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradacaq. Gələcəkdə bu ərazilərdə iri fermer təsərrüfatları və aqroparkların yaradılması mümkün olacaqdır. Bu işlərin görülməsi gələcəkdə iqtisadiyyatın güclənməsinə şərait yaradacaq, yeni iş yerlərinin açılmasına, insanların sosial rifahının yüksəlməsinə təkan verəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına ərzaq məhsulları ilə etibarlı təminatına, çayların su ehtiyatlarının nizamlanması hesabına torpaqlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq. “Suqovuşan” irriqasiya kompleksinin işğaldan azad edilməsi bu ərazilərə öz axını ilə suyun verilməsi ilə yanaşı ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyatında qənaətin yaranmasına səbəb olacaqdır.

16.10.2020 12:52