Noyabrın 14-də “Bakı Ekspo Mərkəzi”ndə “Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında işə başlayan və üç gün davam edən “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 2010-cu ildən etibarən mütəmadi olaraq keçirilən sərginin əhatə dairəsi bu il daha da genişləndirilib. Sərgidə Azərbaycan da daxil olmaqla ümumilikdə 8 ölkədən 43 şirkət iştirak edib. Tədbirdə müxtəlif ölkələrdən olan şirkətlərin ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönələn ekoloji dost texnologiyaları, həmçinin ekologiya sahəsində görülən işləri əks etdirən stendlər nümayiş olunub. Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunub.
Sərgidə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti də geniş stendlə təmsil olunub. Stenddə qurumun bu günə qədər gördüyü işlərin əksəriyyəti fotoşəkillər və maketlərlə əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə meliorasiya və su təsərrüfatı sahəsi ilə bağlı nəşr olunan kitab və braşürlər, jurnal və əyani vəsaitlər sərgi iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin tədbir iştirakçıları qurum haqqında çəkilən filmi quraşdırılan manitor vasitəsilə də izləyə biliblər.
Qeyd edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir. Son illər meliorasiya və su təsərrüfatı obyektlərinin, idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılır və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
16.11.2018 00:00