Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Əvvəlcə soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olduğunu vurğulayıb.
Sədr, yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Cəmiyyətin sədri Əhməd Əhmədzadə onu da vurğuluyub ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır.
Möhtərəm Prezidentimiz torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğurunda inamlı siyasət aparır.
Qeyd edək ki, Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım tədbirləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilib.
25.02.2020 12:00