Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Oğuz rayonunda vətəndaşlarla görüşüb.

about1

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə avqustun 7-də Oğuz şəhərində Oğuz və Şəki rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Oğuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Oğuz və Şəki rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının lildən təmizlənməsi, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 9-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Qəbələ rayonunda, Rafiq Aslanov isə İsmayıllı rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

07.08.2019 13:00