Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə ərazisində 103 min hektar sahəyə suyun çatdırılması və su təminatının yaxşılaşdırılması işləri həyata keçirilib ki, bu da kənd təsərrüfatının intensiv inkişafına və yüksək məhsul alınmasına geniş imkan yaradıb. Onun sözlərinə görə, cari ildə daha 100 min hektar torpaq sahəsinin meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının və nasos stansiyalarının tikintisi, yenidən qurulması, bərpası və digər meliorativ tədbirlər görülür.
“Bu il Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər, Sabirabad rayonunda "H" kanalının, Neftçala rayonunda Neftçala magistral kanalının tikintisi, Hacıqabul, Ağcabədi və digər rayonlarda nəzərdə tutulan meliorativ tədbirlər başa çatdırılacaq”, - deyə Dilqəm Şərifov əlavə edib.
Qeyd edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən son 15 ildə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.
26.10.2018 11:00