“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili əsasında Strateji Yol Xəritəsinin hazırlanması üzrə müvafiq tapşırıqlar verilmişdir. Buna uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmaqla, silsilə müzakirələr keçirilmiş və müvafiq qiymətləndirmələr aparılmış, bunun əsasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” (bundan sonra–Strateji Yol Xəritəsi) hazırlanmışdır. Bu Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir. Strateji Yol Xəritəsinin 2016–2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulur. Bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir. Hər bir strateji hədəfin reallaşdırılması üçün 2016–2020-ci illər üzrə prioritet istiqamətlər müəyyən olunaraq əsaslandırılmışdır. Strateji Yol Xəritəsinin həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri həmin prioritet istiqamətlər üzrə qruplaşdırılmışdır. Bu tədbirlərin hər birinin icrasının hansı meyarlar (indikatorlar) üzrə ölçüləcəyi əvvəlcədən müəyyən olunmuşdur ki, bunun da əsasında bütövlükdə Strateji Yol Xəritəsinin icrasının monitorinqi və qiymətləndirilməsi sistemi qurulacaqdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artıracağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 1170 milyon manat investisiya qoyuluşu tələb ediləcəyi proqnozlaşdırılır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda göstərilən əsas təşəbbüslər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlaqələndiriləcəkdir.
26.09.2019 09:15