www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Xidmət idarələri

1. Su anbarlarının istismarı idarələri

Su anbarlarının istismarı idarələri su anbarlarının doldurulması və vegetasiya dövründə limit əsasında verilməsini həyata keçirir. Su anbarı bəndlərinin və su paylayıcı qurğularının istismarı, təmiri və bərpası ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində iki, Masallı rayonunda Viləşçay, Şəki rayonunda Əyriçay su anbarının istismarı idarələri fəaliyyət göstərir.

2. Hidroqovşaqların istismarı idarələri


Hidroqovşaqların istismarı idarələri suyun bəndli su qəbuledicilər vasitəsi ilə qəbul edilib magistral kanallar vasitəsi ilə suvarma sistemləri idarələrinə çatdırılmasını həyata keçirir. Hidroqovşağa daxil olan qurğuların və magistral kanalların istismarı, təmiri və bərpası ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində beş, Ağstafa rayonunda Ağstafaçay, Lənkəranda Xanbulançay, Tərtərdə Tərtərçay, Füzulidə Mil-Muğan, İmişlidə Bəhrəmtəpə hidroqovşaqlarının istismarı idarələri fəaliyyət göstərir.

3. Magistral kanalların istismarı idarələri


Magistral kanalların istismarı idarələri, su qəbuledicilər vasitəsi ilə su mənbələrindən
(çaylar, göllər, su anbarları) qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən birinci dərəcəli (paylayıcı) kanallara verilməsini həyata keçirir. Kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində beş, Yevlax rayonunda Yuxarı Qarabağ və Yuxarı Şirvan, Biləsuvar rayonunda Əzizbəyov, Şəmikir rayonunda Şəmkir, Abşeron rayonunda Samur-Abşeron magistral kanalların istismarı idarələri fəaliyyət göstərir.

4. Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi

Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi Kür və Araz çayları, Ağsu-Girdimançay, Turiançay su tullayıcıları, Göyçayçay, Qarqarçay, Xaçınçay, Əlicançay çayları, Ağgöl, Sarısu gölləri, boyunca mövcud olan 1794 km bəndlərin istismarını həyata keçirir. Daşqınlara qarşı mühafizə məqsədilə sahilbərkitmə işləri görür, bəndlərin təmiri, bərpası ilə məşğul olur.

5. Magistral kollektorların istismarı idarələri

Magistral kollektorların istismarı idarələri meliorasiya olunmuş 610,4 min ha suvarılan sahələrdən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını həyata keçirir.

Magistral, birinci və ikinci dərəcəli kollektorların və onların üzərindəki qurğuların və nasos stansiyalarının istismarı, təmiri və təmizlənməsi ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində beş, Salyan rayonunda Baş Mil-Muğan, Şirvan şəhərində Baş Şirvan, Kürdəmir rayonunda Mil-Qarabağ və Aşağı Şirvan, İmişli rayonunda Mərkəzi Muğan kollektorlarının, Salyan rayonunda Aşığı muğan meliorativ sistemlərinin istismarı idarələri fəaliyyət göstərir.

6. Meliorasiya idarələri

Meliorasiya idarələri meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının birinci dərəcəli və magistral kollektorlara axıdılmasını həyata keçirir.

İkinci dərəcəli kollektorların, ilkin drenlərin, onların üzərindəki qurğuların və nasos stansiyalarının istismarı, təmiri və təmizlənməsi ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində dörd; Ağcabədi rayonunda Ağcabədi, Beyləqan rayonunda Beyləqan, Sabirabad rayonunda Sabirabad, Ucar rayonunda Ucar meliorasiya idarələri fəaliyyət göstərir.

7. Meşə meliorasiya idarələri

Meşə meliorasiya idarələri meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir.

Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunması ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində üç Yevlax rayonunda Şirvan, Bərdə rayonunda Qarabağ, saatlı rayonunda Mil-Muğan meşə meliorasiya idarələri fəaliyyət göstərir.

8. Hidrogeoloji meliorativ xidmət idarəsi

Hidrogeoloji meliorativ xidmət idarəsi respublikanın ayrı-ayrı rayonlarının suvarılan torpaqlarında qazdığı rejim müşahidə quyuları vasitəsilə yeraltı qrunt sularının səviyyəsinin dəyişilməsi üzərində daimi nəzarət aparır, kənd təsərrüfatı məhsulları istehsalı prosesində torpaqda gedən hidrogeoloji meliorativ dəyişikliyi aşkar edir və onların yaxşılaşdırılması üzrə təkliflər hazırlayır.

İdarə Bakı şəhərində yerləşir, idarənin respulikanın ayrı-ayrı iqtisadi zonalarında müşahidə dəstələri və onların balansında 8632 rejim müşahidə quyuları vardır.

9. Meliorasiya və irriqasiya obyektlərinin qeydiyyatı və suların istifadəsinə-mühafizəsinə nəzarət idarəsi

Bu idərə meliortiv sistemlərin və su təsərrüfatı obyektlərinin texniki-iqtisadi göstəricilərini özündə cəmləşdirən kadastrını aparır, onların texniki vəziyyəti barədə pasport məlumatları hazırlayır və səlahiyyətləri daxilində hidrotexniki qurğuların reyestrini aparır.

Səlahiyyətləri daxilində yerüstü su obyektlərinin istifadəsi və mühafizəsinə, eləcə də su obyektlərindən götürülən sulardan istifadəyə nəzarəti həyata keçirir.

10. Suvarma sistemləri və mexaniki suvarma idarələri

Suvarma sistemləri və mexaniki suvarma idarələri magistral kanallardan, eləcə də digər su mənbələrindən qəbul edilən suyun Sudan İstifadəedənlər Birliklərinə verilməsini həyata keçirir.

Respublikada mövcud 1319 min hektar suvarılan sahədə yerləşən suvarma sistemlərini, onların üzərindəki qurğuların və nasos stansiyalarının, dağ çaylarında sel və daşqınlara qarşı yaradılmış mühafizə bəndlərinin istismarı, təmiri-təmizlənməsi ilə məşğul olur.

Respublikanın 50 rayonunda 53 suvarma sistemləri və mexaniki suvarma idarələri vardır.

11. Subartezian quyularının istismarı idarələri

Subartezian quyularının istismarı idarələri yeraltı suların mexaniki üsulla yer səthinə çıxararılaraq əkin sahələrinə verilməsini həyata keçirir. Balansdakı subartezian quyularının və elektrik və mexaniki avadanlıqlarının istismarı, təmiri və bərpası ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində respublikanın doqquz (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Goranboy, Şəmkir, Şəki, Tətrər, Tovuz) rayonunda subartezian quyularının istismarı idarələri fəaliyyət göstərir. Subartezian quyularının istismarı idarələri tərəfindən 32 rayonun 140,1 min hektar torpaq sahəsi su ilə təmin edilir. Bu idarələrin balansında 6259 ədəd subartezian quyusu vardır.

12. Qış otlaqların su təminatı sistemlərinin istismarı idarələri

Qış otlaqları su təminatı sistemlərinin istismarı idarələri respublikanın 1025 min hektar qış otlaqlarında qışlayan mal-qaranı su ilə təchiz təchiz edir və sistemə daxil olan boru kəmərlərini, hidrotexniki qurğuları, nasos stansiyalarını və subartezian quyularının istismarı, təmiri və bərpası ilə məşğul olur.

Səhmdar Cəmiyyətinin nəzdində yeddi, Şəki şəhərində Acınohur, Mingəçevir şəhərində Bozdağ, Tovuz rayonunda Ceyrançöl, Abşeron rayonunda Qobustan, İmişli rayonunda Mərkəzi-Muğan, Hacıqabul rayonunda Pirsaat, Kürdəmir rayonunda Şirvan qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri fəaliyyət göstərir.

13. Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş Müdiriyyəti

Müdiriyyət su təsərrüfatı obyektlərinin tikintisi sahəsində sifarişçi funksiyalarını yerinə yetirir, tikinti-quraşdırma işlərinin gedişinə texniki nəzərəti həyata keçirir, tikintisi tamamlanmış obyektlərin istismara verilməsini təmin edir.

14. Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi


Birlik respublikada meliorasiya və su təsərrüfatı sahəsində yaranan problemləri həll etmək məqsədi ilə, torpaqların meliorasiyası, suvarma suyundan səmərəli istifadə olunması məqsədi ilə su qoruyucu suvarma texnikası və texnologiyalarının əsaslandırılması, suvarma və kollektor-drenaj sistemlərinin ekoloji, istismar və konstruktiv etibarlılığının yüksəldilməsi üçün elmi tövsiyələrin hazırlanması, sel və daşqın təhlükəli çayların axınının nizamlanması, onların zərərli təsirinə qarşı mühafizə tədbirlərinin hazırlanması, hidromeliorativ işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması istiqamətlərində elmi-tədqiqat işləri aparır.

Birliyin tərkibində 3 təcrübə-meliorativ stansiya ( Abşeron, Şirvan və Muğan) və 3 dayaq məntəqəsi (Bərdə, Lənkəran və Qax) fəaliyyət göstərir.

15. Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu

İnstitut respublikanın su ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi, onların kompleks istifadəsi və mühafizəsi, su axarlarında məcra deformasiyalarının öyrənilməsi, su təsərrüfatı kompleksinin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması istiqamətində elmi-tədqiqat işləri aparır.

İnstitutda 5 laboratoriya, 2 şöbə və 4 elmi bölmə fəaliyyət göstərir.

16. Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu «Azdövsutəslayihə»

İnstitut respublikada meliorasiya və su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin aparılması, texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin, meliorasiya və su təsərrüfatının inkişaf sxemlərinin, sel və daşqınlara qarşı mühafizə tədbirləri üzrə sxemlərin və layihə sənədlərinin hazırlanması sahəsində fəaliyyət göstərir.

17. Bəhrəmtəpə Dəmir-Beton zavodu

Zavod müqavilə əsasında beton və dəmir-beton məmulatları hazırlayır, müxtəlif növ təmir işlərini həyata keçirir.

18. Sumqayıt Sənaye Kombinatı

Kombinat müqavilə əsasında ağac məmulatlarının emalı ilə məşğul olur. Səhmdar Cəmiyyətinin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməiti göstərir, müxtəlif növlü torpaq işləri görür və digər təmir işlərini həyata keçirir.

19. İxtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama İdarələri

Bu idarələr müqavilə əsasında sistemdə olan mexaniki və elektrik avadanlıqlarının quraşdırılması, sazlanması, təmiri və bərpası işlərini həyata keçirir.

Səhmdar Cəmiyyətinin tərkibində Bakı və Gəncə şəhərlərində yerləşən iki İxtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama idarəsi fəaliyyət göstərir.

20.Melioservis idarələri

Melioservis idarələri müqavilə əsasında Səhmdar Cəmiyyətinin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təm ir işlərini həyata keçirir.

Səhmdar Cəmiyyətinin nəzdində 23 melioservis idarəsi fəaliyyət göstərir.

21. Subartezian quyularına servis xidməti idarəsi


Subartezian quyularına servis xidməti idarəsi müqavilə əsasında respublikada subartezian quyularına servis xidməti göstərir, onların yuyulması, təmiri-bərpası və yenidən qazılması işlərini yerinə yetirir.

22. Meliorasiya-mexaniki təmir-istehsalat Birliyi


Birlik müqavilə əsasında müxtəlif növ metal konstruksiyaların, Səhmdar Cəmiyyəti sistemindəki nasos-güc avadanlıqlarının, üzən nasos stansiyalarının ehtiyat hissələrinin hazırlanmasını və onların təmiri işlərini həyata keçirir.
Birliyin tərkibində Şirvan şəhərində yerləşən Üzən nasos stansiyalarının hazırlanması və təmiri zavodu fəaliyyət göstərir.

23. Texnoloji-istehsalat komplektləşdirmə idarəsi

Bu idarə Səhmdar Cəmiyyətin tabeliyində olan idarələrin sifarişləri əsasında istehsalatda lazım olan torpaqazan maşın-mexanizmlərin, nasos-güc avadanlıqlarının, nəqliyyat vasitələrinin və digər əsas vəsaitlərin satınalınmasını və Səhmdar Cəmiyyətin sərəncamları əsasında idarələrə buraxılmasını həyata keçirir.

24. Layihələrin həyata keçirilməsi üzrə İşçi qrupları


Hazırda Səhmdar Cəmiyyətinin nəzdində «Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə işçi qrupu, «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» Layihəsinin həyata keçirilməsi üzrə işçi qrupu, « Azə rbaycanda suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanması» layihəsinin həyata keçirilməsi üzrə işçi qrupu fəaliyyət göstərir.

Bu qruplar göstərilən layihələrin həyata keçirilməsini təmin edir, tikinti-quraşdırma işlərinin gedişinə nəzarəti həyata keçirir, tikintisi qurtarmış obyektlərin istismara verilməsini təmin edir.