www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Elmi Tədqiqat və Layihə İnstitutları

XX əsrin əvvəllərində Rusiyada toxuculuq sənayesinin inkişafı məqsədi ilə Mu­ğan düzündə pambıq əkini sahələrinin genişləndirilməsinə başlanıldı. Lakin bir neçə ildən sonra torpaqların şorlaşması pambıq bitkisinin məhsuldarlığının aşağı düşməsinə səbəb oldu. Bu səbəbləri araşdırmaq üçün Rusiya alimlərindən ibarət ekspedisiya elmi-təd­qi­qat işləri aparılması üçün Şimali Muğana göndərildi.

Rusiyada meliorasiya işləri üzrə tədqiqatların başlanğıcı haqlı olaraq Muğan sayılır. Artıq 1911-1912-ci illərdə torpaqların duzsuzlaşdırılması üzrə xarici təcrübə məlum idi, ancaq o elmi əsaslar üzərində qurulmamışdı.

Muğan düzündə torpaqların təkrar şorlaşmasına qarşı mübarizə tədbirlərinin işlənilməsi məqsədi ilə 1904-cü ildə buraya gəlmiş torpaqşünas alimlərdən ibarət ekspedisiyanın topladığı məlumatlar əsasında 1914-cü ildə çar Rusiyasında ilk elmi stansiya - Cəfərxan Şorlaşma Stansiyası (sonralar Muğan Meliorativ-Təcrübə Stansiyası adlanmışdır) Azərbaycanda yaradılmışdır.

1927-1928-ci illərdə Muğan təcrübə stansiyasında təcrübə drenajının layihəsi tərtib edil­mişdir. Elmi ədəbiyyatda «Cəfərxan drenaj sistemi» adı altında məlum olan bu layihə 1928-1931-ci il­lər­də həyata keçirilmişdir. Məqsəd Orta Asiyada qəbul edil­miş da­yaz drenajla dərin seyrək drenajın müqayisəsi idi. Dərinliyi 1,84 - 4,92 m, ara məsafələri 328 - 814 m olmaqla 700 hektarayaxın ərazidə açıq və örtülü drenlər tikilmişdir. Beləliklə, müxtəlif dərinlikdə və məsafədə salınmış drenlər torpağın duzlardan təmizlənməsinə şərait yarat­mışdır. Onun əsasında drenajla bağlı bir çox məsələlər öz həllini tapmış və beləliklə, Azərbaycanda meliorasiya və suvarmaya aid tədqiqatların bünövrəsi qoyulmuşdur.

1930-1935-ci illərdə torpaqların suvarılması ilə əlaqədar olaraq qrunt sularının yuxarı qatlara doğru qalxması nəticəsində tək­rar şorlaşmanın qarşısıalınmaz olduğu haqda fikir hökm sürürdü. Suvarma sularından qənaətlə istifadə edilən halda suvarılan torpaqlarda şorlaşmanın baş verməyəcəyi və bəzi alimlər tərəfindən drenaj tikintisinə ehtiyac olmadığı iddia olunurdu. Səhv ola­raq drenajın əhəmiyyətsizliyi sübut olunurdu. Lakin Cəfərxan drenaj sisteminin işi bu fikrin yersizliyini sübut edərək, qrunt sularının təbii axımlarının olmadığı və zəif olduğu ərazilərdə drenajsız şəraitdə onların kapilyarlarla yuxarı qalxaraq torpaqda təkrar şorlaşma təhlükəsi yaratdığını göstərdi.

Beləliklə, «Muğan şoran təcrübə stansiyası» respublikada suvarılan torpaqlarda geniş elmi-tədqiqat işləri aparmaq üçün yaradılmış ilk elmi müəssisə oldu. Burada meliorativ praktikada ilk dəfə olaraq şorlaşmış torpaqların meliorasiyası üçün örtülü drenaj tikilmiş və açıq drenlərlə müqayisədə tədqiq olunmuşdur. Duzların zərərlilik dərəcəsinə görə şorlaşmış torpaqların təsnifatı tərtib olunmuşdur. Şorlaşmış torpaqların yuyulmasında müxtəlif yuma üsulları və yuma texnologiyaları sınaqdan çıxarılmışdır. Duzluluq dərəcəsindən asılı olaraq yuma normaları təyin edilərək istehsalata tövsiyə olunmuşdur. Stansiyada aparılmış elmi tədqiqatların nəticələri göstərdi ki, drenaj şəbəkəsi tikilən sa­hə­lərdə su və duz rejimlərini nizamlamaqla torpağın şorlaşmasının qarşısını almaq mümkündür. Stansiyada əldə edilmiş elmi nailiyyətlərə əsasla­na­raq, respublikanın digər bölgələrində suva­ma, kollektor-drenaj sistemlərinin layihələndirilməsi və tikintisi işləri geniş vüsət aldı.